Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Üzeyir Hacıbəyli – 140” tədbirləri çərçivəsində Üzeyir məktəbinin yetirməsi, Xalq artisti, professor, görkəmli bəstəkar Əşrəf Abbasovun (1920–1992) anadan olmasının 105 illiyinə həsr olunan elmi-praktiki seminar keçiriib. Seminarı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı təşkil edib.

Əşrəf Abbasov ilk milli uşaq baleti (“Qaraca qız”), musiqili komediyalar, simfonik əsərlər və mahnıların  müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının (indiki BMA) rektoru (1953–1957) olub.

Seminarda BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli Əşrəf Abbasovun insani keyfiyyətləri, müəllimlik fəaliyyəti haqqında danışıb, onun İkinci Dünya müharibəsində də iştirak etdiyini də diqqətə çatdırıb.

F.Bədəlbəyli Ə.Abbasovun 1965-ci ildə yazdığı, libretto müəllifi Xalq artisti Əfrasiyab Bədəlbəyli olan “Qaraca qız” uşaq baleti haqqında danışaraq bildirib ki, bu qiymətli əsər yenidən Akademik Opera və Balet Teatrının səhnəsində tamaşaya qoyulmalıdır.

Səadət Təhmirazqızı Azərbaycan bəstəkarlıq məktəbində öz yeri, öz dəst-xəti olan Ə.Abbasov haqqında çəkilən, ssenari müəllifi olduğu və ilk dəfə “Mədəniyyət” kanalında nümayiş olunan “İlmələrin sədası” adlı sənədli filmi təqdim edib.

Tədbirdə musiqişünas Raya Abbasovanın “Əşrəf Abbasovun ictimai fəaliyyəti”, BMA-nın prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadənin “Azərbaycan bəstəkarlıq məktəbində Əşrəf Abbasovun rolu” mövzularında məruzələri dinlənilib.

Bəstəkarın oğlu, Əməkdar incəsənət xadimi, professor Cəlal Abbasov, Xalq artisti, Əməkdar incəsənət xadimi, BMA-nın professoru Elnarə Dadaşova bəstəkarla bağlı xatirələrini bölüşüblər.

BMA-nın tələbələrinin ifasında bəstəkarın əsərləri səsləndirilib.