20 mart Novruzun ilk günüdür. Qədim dövrlərdən bəri xalqımız Novruzu bərəkət və firavanlığın rəmzi kimi bayram edib. Sovet dövründə Novruz bayramının üzərinə qoyulmuş qadağalar Azərbaycan müstəqillik əldə edəndən sonra aradan qaldırılıb. 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" qanunla Novruz dövlət bayramı kimi təsbit edilib.

Tarixdəki olaylar

 

20 mart 1828-ci ildə çar I Nikolay Türkmənçay müqaviləsini (10 fevral 1828-ci il) təsdiq edib və Rusiyaya birləşdirilən İrəvan və Naxçıvan xanlıqları ərazisində “Erməni vilayəti”nin yaradılması barədə fərman verib. “Erməni vilayəti” 1840-cı ildə İrəvan qəzası adı ilə Tiflis-İmereti quberniyasının tərkibinə daxil edildi. 1849-cu ildə İrəvan quberniyası (1917-ci ilədək) təşkil edildi.

 

20 mart 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə İran arasında "Sülh və dostluq haqqında" müqavilə imzalanıb. Müqaviləyə əsasən, İran Azərbaycanın istiqlalını və Xalq Cümhuriyyətini rəsmən tanımış oldu.

 

20 mart 2003-cü ildə ABŞ və Böyük Britaniya qoşunları Səddam Hüseyni devirmək üçün İraqa qarşı müharibəyə başlayıblar. Üç həftə sonra, aprelin 9-da Səddam rejimi devrildi, müharibə isə illərlə davam etdi.

 

Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)

 

20 mart 1828  Norveç şairi, dramaturq Henrik İbsen (Henrik Johan Ibsen; 1828–1906) anadan olub. “Yeni Avropa dramı”nın yaradıcısı sayılır.

 

20 mart 1879 – Azərbaycanın Xalq artisti, tanınmış opera müğənnisi, pedaqoq Hüseynqulu Məlik oğlu Sarabski (Rzayev; 1879 – 16.2.1945) anadan olub.

 

20 mart 1906 – Əməkdar incəsənət xadimi, rejissor Ağəli Əliabbas oğlu Dadaşov (1906 – 7.12.1973) Bakıda doğulub. Akademik Dram, Gənc Tamaşaçılar, Gəncə, Naxçıvan teatrlarında çalışıb.

 

20 mart 1912 – Azərbaycanın və Rusiyanın Xalq artisti, rejissor Ənvər Məcid oğlu Behbudov (1912–1998) anadan olub. Rusiyanın teatrlarında çalışıb. 60-70-ci illərdə Azərbaycanda Opera və Balet, Rus Dram teatrlarının baş rejissoru olub.

 

20 mart 1928 – Xalq rəssamı, heykəltaraş Kamal Camal oğlu Ələkbərov (1928 – 21.5.2009) Füzuli rayonunda anadan olub. “Azərbaycanfilm” kinostudiyasında Cəfər Cabbarlının heykəlinin müəllifidir.

 

20 mart 1945 – Azərbaycan dekorativ-tətbiqi sənətinin tanınmış nümayəndəsi, Əməkdar rəssam Zahid İsa oğlu Hüseynov (1945 – 27.7.2012) anadan olub. 

Hazırladı: Vüqar Orxan