Bakı Dövlət Sirkinin təşkilatçılığı ilə Moskvanın Svetnoy Bulvardakı məşhur Yuri Nikulin Sirki 10 ildən sonra paytaxtımızdadır. Rusiyalı sirk ustaları Bakı İdman Sarayında çıxış edirlər.

Martın 15-də başlanan qastrol proqramında Yuri Nikulin Sirkinin müxtəlif festivallarda mükafatlara layiq görülən artistləri, o cümlədən Monte-Karlo Ümumdünya Sirk Festivalının, “Dünyanın ən yaxşı klounları” Beynəlxalq Festivalının laureatları iştirak edirlər.

Proqram barədə məlumat verən Bakı Dövlət Sirkinin mətbuat katibi Gülşanə Mustafayeva bildirib ki, akrobat, gimnast və kəndirbazlar tamaşaçıların marağına səbəb olacaq. Əyləncə dolu sirk şousunda sözəbaxan ayı, it, meymun və su heyvanları sahiblərinin onlara verdikləri tapşırıqları mehribanlıqla yerinə yetirərək, sadiq dost olduqlarını sərgiləyəcəklər. Həm uşaq, həm də böyüklər üçün nəzərdə tutulan proqramda rəqqasların hər nömrədən əvvəl göstərdikləri unikal rəqslər də yer alacaq.

Yuri Nikulin Sirkinin tanınmış artistlərindən Viktor Franke Bakıya ilk dəfə gəldiyini deyib: "Klounada sənəti ilə uşaqlıqdan məşğulam. İlk dəfə kloun obrazında səhnəyə çıxanda tamaşaçılardan çoxlu konfet və şokolad toplamışdım. Mənim üçün unudulmaz anlar idi...".

Marina Efimova isə hava gimnastıdır. O da Bakıya ilk dəfə qastrol səfərinə gəldiyini və burada çıxış etmək üçün böyük həyəcan keçirdiyini bildirib.

Qeyd edək ki, Yuri Nikulin Sirkinin tamaşaları həftəsonları və Novruz bayramı günlərində hər gün iki seans olmaqla təşkil ediləcək. Martın 21-də qazi ailələrinin övladları və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün də xeyriyyə tədbiri təşkil olunacaq.