Azərbaycan Dövlət Kukla Teatrında “Leylək və Müqəvva” adlı yeni səhnə əsərinin məşqlərinə başlanılıb. Tamaşa Slovakiya yazıçısı Yaroslav Vadorajkanın “Müqəvva” pyesi (tərcümə edən Zümrüd Quliyeva) əsasında hazırlanır.

Uşaqlarda təbiətə, heyvanlara sevgi və diqqət aşılayan birhissəli tamaşaya teatrın rejissoru Müşfiq Əliyev quruluş verir. Quruluşçu rəssam Rəvanə Yaqubovadır.

Yeni səhnə işində biri canlı plan (Müqəvva) olmaqla 10-dan artıq müxtəlif ölçülü kukladan istifadə olunub. Personajları Elnur Xəlilov (Müqəvva), Əməkdar artist Cəmilə Allahverdiyeva (Balaca Leylək), Nərmin Əhmədova (Sərçə, Leylək), Samirə Nəcəfova (Tülkü, Leylək) və Yusif Baxşəliyev (Külək, Leylək, Ağac) canlandırırlar. Təbiət və insan tandemini ön plana çıxaran nümunədə uşaqlar həm əylənəcək, həm də təbiətlə bir növ təmasda nail olacaqlar. 

Tamaşanın hekayəti ibrətamiz hadisə ilə başlayır. Əkin-biçin mövsümünün bitməsi ilə əlaqədar tarlada tərk edilən, sahibi tərəfindən taleyin hökmünə buraxılan Müqəvva bu sonluqla barışmaq istəmir. Özünü gərəksiz hiss etmək, insanların etibarsızlığı ilə qarşılaşmaq onu çox incidir və illərlə qoruduğu əkin sahəsini tərk etməyə qərar verir. Küləyin köməyi ilə buna nail olan küskün Müqəvva yad yerlərə yol alır. Bu zaman isti ölkəyə köçə hazırlaşan leyləklərlə rastlaşır. Dəstədən geri qalan, dəcəl uşaqlar tərəfindən atılan daşla qanadı qırılan balaca leyləyi sağaltmaq qərarına gəlir. Bütün qışı qurumuş ağacın iri gövdəsində daldalanan Müqəvva və balaca Leylək, nəhayət, baharın gəlişinə sevinirlər. Budur, artıq Leylək öz dəstəsinə qoşula bilər. Bu nəticədən məsud olan Müqəvva sonda anlayır ki, ətrafa yararlı olmaq üçün tarladan da başqa yerlər var. Beləcə o, Küləyə qoşularaq yeni yerləri kəşfə davam edir.

“Leylək və Müqəvva” tamaşasının ilk nümayişi aprelin sonlarına nəzərdə tutulub.