Üzeyir Hacıbəylinin Ev-Muzeyində dahi bəstəkarın “O olmasın, bu olsun” operettasının 115 illiyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əsərin tarixi-bədii dəyərindən, dramaturji və musiqi xüsusiyyətlərindən ətraflı bəhs edilib.

Muzeyin direktoru Xalq artisti Sərdar Fərəcov giriş sözündə “O olmasın, bu olsun” komediyasının Azərbaycan musiqi mədəniyyətində yerindən bəhs edib.

Muzeyin Ekspozisiya və kütləvi işlər şöbəsinin müdiri Vəfa Bağırzadə əsərin dramatik və musiqi xüsusiyyətlərini təhlil edərək, onun dahi bəstəkarın yaradıcılığında xüsusi əhəmiyyətini vurğulayıb.

Kinoşünas Hacı Səfərov operetta əsasında 1956-cı ildə çəkilən bədii filmin məziyyətlərindən söz açıb.

Sənətşünas Sədaqət Əliyeva “Geyim mühüm element kimi” mövzusunda məruzəsində tamaşanın uğurunda səhnə geyimlərinin önəmindən danışıb.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının artistləri Şövqi Hüseynov, Nahidə Orucova, Səmədzadə Xasiyev və Aydan Həsənovanın ifasında “O olmasın, bu olsun” musiqili komediyasından səhnələr təqdim edilib.

Tədbirin aparıcısı bu il Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinin 50 illik yubileyinin tamam olduğunu da diqqətə çatdırıb. Mədəniyyət müəssisəsinin tarixindən, fəaliyyətindən, dahi bəstəkarın yaradıcılıq irsinin qorunması istiqamətində görülən işlərdən söz açılıb.

Sonda tədbirin təşkilində əməyi keçənlərə təşəkkürnamələr təqdim olunub.