Beynəlxalq Muğam Mərkəzinin (BMM) “Dəyirmi masa” layihəsinin 2025-ci ildə ilk tədbiri musiqi xadimi, bəstəkar, tarzən Məşədi Cəmil Əmirovun (1875-1928) 150 illiyinə həsr olunub. Musiqili elmi-nəzəri layihə şəklində keçirilən tədbirdə musiqi xadiminin həyat və yaradıcılığı, muğam sənətinə verdiyi töhfələrdən danışılıb.
Tədbiri BMM-in redaktoru Validə Kazımova açaraq mərkəzin layihələrinin əhəmiyyətini qeyd edib.

"Dəyirmi masa”nın iştirakçıları Xalq artisti Vamiq Məmmədəliyev, Əməkdar incəsənət xadimi Arif Əsədullayev, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, Əməkdar incəsənət xadimi Nazim Kazımov, Fikrət Əmirov adına Beynəlxalq Assosiasiyanın həmtəsisçisi, musiqiçi Sevil Əmirova, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktor müavini Təranə Zeynalova və Azərbaycan Milli Konservatoriyasının müəllimi, tarzən Kamal Nuriyev çıxışlarında Orta əsrlərdən bu günə kimi Azərbaycan muğamının keçdiyi yola nəzər salaraq Məşədi Cəmil Əmirovu bu yolun başlanğıcında duran musiqi xadimlərindən biri kimi xarakterizə ediblər.
Vurğulanıb ki, Şuşada dünyaya göz açan Məşədi Cəmil Əmirov musiqimizə dünya şöhrəti gətirən bəstəkarlardan Fikrət Əmirovun atasıdır. O, ilk təhsilini mədrəsədə alıb, kiçik yaşlarından musiqiyə maraq göstərib. Tarzən kimi yetişməklə yanaşı, həm də xanəndə, bəstəkar olaraq tanınıb. Məşədi Cəmil Əmirov qarmon, kamança və fortepianoda məharətlə ifa etməyi bacarıb. 1910-cu ildə bir qrup musiqiçi ilə birlikdə Latviyanın Riqa şəhərinə dəvət olunub, “Qrammofon” firması xanəndənin ifasında bir sıra muğam və xalq mahnıları lentə alıb. Getdikcə populyarlaşan ifaçı Qarabağ bölgəsi ilə bərabər, Gəncə, Şəki, Şirvan və digər yerlərdə məclislərə dəvət olunur. Sonra Gəncəyə köçür və burada yerli ifaçıları cəlb etməklə Şərq musiqisi konsertləri verir, Üzeyir Hacıbəylinin əsərlərinin tamaşalarında Məcnun, Zeyd, Kərəm, Rza bəy və digər obrazları məharətlə canlandırır, teatr tamaşaları üçün yaradılmış orkestrə dirijorluq edir. M.C.Əmirov 1915-ci ildə isə “Seyfəl-mülk” operasını yazır. Həmin opera 1916-cı ildə Sidqi Ruhullanın quruluşunda Tiflisdə və İrəvanda göstərilir. 1916-cı ildə M.C.Əmirov gənc xanəndə Bülbüllə birlikdə Tiflis və İrəvanda konsertlər verir.
1911-ci ildə musiqi təhsili almaq məqsədilə İstanbula yollanan M.C.Əmirov orada iki il ərzində Şərq və Avropa musiqisinin incəliklərinə yiyələnir. Türkiyədə həm tarzən, həm də müğənni kimi konsertlər verir, muğam və təsnifləri, rəngləri məharətlə ifa edir. Azərbaycan musiqisi tarixində ilk dəfə muğamları nota salanlardan biri məhz Məşədi Cəmil olub.
Mənbələrdə musiqiçinin daha bir səhnə əsəri – “Namuslu qız” operettasını (1923) yazdığı qeyd edilir. Bu əsər Gəncədə səhnə həlli tapdıqdan sonra Azərbaycanın digər bölgələrində də uğurla göstərilib. Təəssüf ki, “Seyfəl-mülk” və “Namuslu qız” əsərləri tarixin dolanbaclarında yoxa çıxıb.
Məşədi Cəmilin ən böyük arzusu musiqi məktəbi açmaq idi. 1923-cü ildə bu arzunu gerçəkləşdirir, Gəncədə ilk musiqi məktəbini yaradır. Tarzən, bəstəkar və pedaqoq Məşədi Cəmil Əmirov 1928-ci ildə vəfat edib.
Tədbirdə tarzənlər - Xalq artisti Vamiq Məmmədəliyev və Kamal Nuriyevin solo ifaları təqdim olunub. Musiqi xadiminin nəvəsi Sevil Əmirova babasının xatirəsinə göstərilən ehtirama və irsinin təbliğinə görə BMM-in rəhbərliyinə təşəkkürünü bildirib.