Beynəlxalq Muğam Mərkəzində (BMM) “Azərbaycan dünyası” beynəlxalq jurnalının yaranmasının 25, həmin dərginin təsisçisi və baş redaktoru Eldar İsmayılovun 75 illik yubileyinə həsr olunan gecə keçirilib.

Dövlət Himni səsləndirildikdən sonra “Azərbaycan dünyası” jurnalı və “Dədə Qorqud” Milli Fondunun fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. 

Tədbirdə açılış nitqi ilə çıxış edən BMM-in direktoru, Əməkdar artist Sahib Paşazadə yubilyarı təbrik edib, xoş diləklərini çatdırıb. Bildirilib ki, Eldar İsmayılovun çoxcəhətli ictimai fəaliyyəti, xalqına sədaqətli vətəndaş kimi xidmətləri hər zaman ictimaiyyətin diqqətindədir. Yubilyar xeyriyyəçilik missiyası ilə vətənpərvər bir insan kimi cəmiyyətdə öz yerini tutan, ölkəmizin ictimai həyatında yetərincə tanınan simalardandır. 

Eldar İsmayılov çıxış edərək diqqətə çatdırıb ki, 1998-ci ildə yaradılan və üç dildə nəşr edilən “Azərbaycan dünyası” jurnalı əsasən azərbaycanlıların xarici ölkələrdə sıx yaşadığı ərazilərdə yayılır. “Dədə Qorqud” Milli Fondu və “Azərbaycan dünyası” jurnalının məqsədi Türk dünyası xalqlarının birliyi, tarixi vətənimizdən kənarda yaşayan soydaşlarımızın həmrəyliyi, xalqlar və ölkələr arasında dostluq əlaqələrinə nail olmaqdır. Jurnalın səhifələrində müstəqil Azərbaycanın, eyni zamanda, ölkədən kənarda yaşayan yurddaşlarımızın siyasi, iqtisadi və mədəni nailiyyətləri işıqlandırılır, təbliğ edilir.

Tədbirdə Əməkdar artist, BMM-in direktoru Sahib Paşazadə, musiqişünas Nərgiz Kərimova, "Azərbaycan dünyası" jurnalının əməkdaşları Sabir Dadaşov və Zarema Dadaşova, Əməkdar artist Tural Ağasıyev və pianoçu Sevda İsgəndərovaya “Dədə Qorqud” Milli Fondunun təsis etdiyi orden təqdim olunub.

Sonra bədii hissə təqdim olunub. Konsertdə Xalq artisti Sərxan Sərxan, Əməkdar artist Tural Ağasıyev, pianoçu Fərəh İsmayılova və Əvəzağa Hacıyevin ifaları dinlənilib.