Martın 12-də Azərbaycan Milli İncəsənət Muzeyində "Y. Pen, Y.Kruqer – Belarusda rəssamlıq təhsilinin baniləri" adlı sərginin açılışı olub. Sərgidə Belarus Milli İncəsənət Muzeyinin kolleksiyasından rəngkarlıq və qrafika əsərləri nümayiş etdirilib.
Ekspozisiya XIX əsrin sonu – XX əsrin ortalarında yaradılmış 61 rəngkarlıq və qrafika əsərindən ibarətdir.
Açılış mərasimində Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Belarus Milli İncəsənət Muzeyinin direktoru Anna Kononova, Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç, Xalq rəssamları Ömər Eldarov, Səlhab Məmmədov çıxış edərək sərgi barədə fikirlərini bölüşüb, iki ölkə arasında mədəni əlaqələrə töhfə olan layihənin əhəmiyyətini vurğulayıblar.
Sərgidə görkəmli belarus rəssamları Yuri Pen (1854–1937) və Yakov Kruqerin (1869–1940) bədii irsi, eləcə də onların tələbələrinin əsərləri təqdim olunub. Onların arasında dünya şöhrətli Mark Şaqal və Mixail Kikoin, Belarus SSR-in Xalq rəssamı İvan Axremçik, habelə məşhur sovet və belarus rəssamları və qrafikləri – Lev Zevin, Mixail Kunin, Lev Leytman, Lazar Ran, Yefim Poyak, Vyaçeslav Rutsay, Mixail Stanyut, Solomon Yudovin, Pyotr Yaviç və başqaları yer alıb. Onların yaradıcılığı Belarus milli incəsənət məktəbi “portretinin” formalaşmasına təsir göstərən müxtəlif bədii istiqamətləri özündə əks etdirir.
Yuri Penin 170 illiyi və Yakov Kruqerin 155 illiyinə həsr olunmuş sərgi 2024-cü ildə Belarusun mədəni həyatında mühüm hadisələrdən biri olub.
Sankt-Peterburq Rəssamlıq Akademiyasının məzunları olan Yuri Pen və Yakov Kruqer müasir Belarusda peşəkar rəssamlıq təhsilinin əsasını qoyan rəssam-pedaqoqlardır. Onlar Vitebsk və Minskdə özəl rəsm və rəngkarlıq məktəbləri təsis ediblər. Bir çox tələbələri üçün ilk və ən önəmli müəllim olaraq onların formalaşmasında və inkişafında mühüm rol oynayıblar.
Belarus Milli İncəsənət Muzeyinin direktoru Anna Kononova jurnalistlərlə söhbətində tədbirin əhəmiyyətini vurğulayıb: "Bu layihənin həyata keçməsindən böyük məmnunluq duyuruq. Bu, həqiqətən də, mühüm bir hadisədir. Biz 2024-cü ildə Azərbaycan Milli İncəsənət Muzeyi ilə əməkdaşlıq memorandumu imzalamışıq. Dərhal sərgi və mübadilə layihələri planlaşdırdıq, bu gün artıq bu ideyaları gerçəyə çevirməyə başlayırıq".
A.Kononovanın sözlərinə görə, aprel-may aylarında Azərbaycan Milli İncəsənət Muzeyinin sərgisi Belarus Milli İncəsənət Muzeyində təqdim ediləcək.
“Biz bu gün beynəlxalq miqyasda əhəmiyyətli bir hadisənin şahidi oluruq. İlk dəfə muzeyimizin ən nadir kolleksiyasını, daimi ekspozisiyamızda olan birinci dərəcəli əsərləri Azərbaycanda nümayiş etdiririk", – deyə muzeyin direktoru vurğulayıb.
O əlavə edib ki, bu cür hadisələr nadir hallarda baş verir: "Muzey işçiləri və ekspertlər bilirlər ki, daimi ekspozisiyada olan əsərlər yalnız istisna hallarda başqa ölkəyə aparılır. Azərbaycanla əməkdaşlıq naminə biz bu addımı atdıq".
A.Kononova Belarus incəsənət məktəbinin özünəməxsus xüsusiyyətləri barədə deyib: "Bu məktəb unikal cizgilərə malikdir və yüksək akademik yanaşması ilə seçilir. Rəssamlarımız güclü realist metoddan istifadə edir və onların əsərləri reallığı dərindən əks etdirmə xüsusiyyəti ilə fərqlənir".
Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç jurnalistlərə açıqlamasında sərginin iki ölkə arasında mədəni mübadilə baxımından mühüm addım olduğunu bildirib: "Bugünkü sərgi həm Minsk, həm də Bakı üçün əlamətdar bir hadisədir. Bu, Bakıda Belarus Mədəniyyəti Günləri çərçivəsində imzaladığımız əməkdaşlıq memorandumunun məntiqi davamıdır. İndi isə bu unikal layihəni təqdim edərək bu memorandumu həyata keçiririk".
Sərgi may ayının 4-dək davam edəcək.