MYS məhsul və xidmətlərinin siyahıları Nazirlər Kabinetinə təqdim edilib

Martın 10-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Yaradıcı Azərbaycan” mövzusunda tədbir keçirilib. Tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət və elm xadimləri, biznes subyektlərinin nümayəndələri və digər şəxslər iştirak ediblər.

Nazirliyin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimovanın moderatorluğu ilə gerçəkləşən tədbirdə açılış nitqi söyləyən mədəniyyət naziri Adil Kərimli iştirakçıları salamlayıb. Qeyd edib ki, tədbirin məqsədi ölkəmizdə mədəniyyət və yaradıcı sənayelərin (MYS) inkişafı istiqamətində əldə olunan nəticələri işıqlandırmaq və atılacaq birgə addımları müəyyənləşdirməkdir.

Bildirilib ki, MYS-lər hazırda dünya miqyasında sürətlə böyüyən və iqtisadiyyatın ən çevik sahələrindən biri kimi önə çıxır, iqtisadi inkişaf və diversifikasiya üçün imkanlar təklif edir, mədəni və sosial dəyərlər yaradır. MYS-lər yaradıcılıq və intellektual kapitaldan əsas vəsait kimi istifadə etməklə mədəni komponentli mal və xidmətlərin yaradılmasını, istehsalını və paylanmasını əhatə edir. Buraya reklam, memarlıq, incəsənət, dizayn, musiqi və kino istehsalı, nəşriyyat və videooyunlar kimi müxtəlif fəaliyyətlər daxildir.

MYS-lərlə bağlı son illərdə qlobal miqyasda müşahidə olunan bir sıra tendensiyalar haqqında danışan Adil Kərimli bu sahənin qlobal iqtisadiyyatda tutduğu mövqeyi konkret faktlarla diqqətə çatdırıb. Bildirilib ki, hazırda gənc nəsil daha çox rəqəmsal məzmuna üstünlük verir. Çünki videoyunlar, musiqi, film və reklam sənayeləri ən gəlirli sahələrdən hesab olunur.

MYS-lərin inkişaf prosesləri ilə bağlı beynəlxalq təcrübədən danışan nazir deyib ki, ayrı-ayrı ölkələrdə dövlət qurumları, ali təhsil müəssisələri, qeyri-hökumət təşkilatları, o cümlədən fondlar və özəl şirkətlər proseslərdə fəal şəkildə iştirak edirlər. Eyni zamanda qeyd olunan qurumlar bu sahəyə zəruri ekspert, infrastruktur dəstəyi göstərir, bir sıra layihələrdə donor, o cümlədən sponsor və ya investor qismində çıxış edirlər. Bu sahə çoxsaylı qrantlar, ianələr və subsidiyalarla da təmin olunur.

Adil Kərimli ölkəmizdə mədəni və yaradıcı sənayelər (MYS) sahəsinə dövlət tərəfindən göstərilən diqqətdən söz açıb. Bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar nəticəsində bu sahənin inkişafı Azərbaycan dövlətinin əsas prioritetləri sırasına daxil edilib. Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər planına uyğun olaraq, 2023–2024-cü illərdə strategiya çərçivəsində mühüm addımlar atılıb. Aidiyyəti qurumların iştirakı ilə mədəni və yaradıcı sənayelərin təsnifatlandırılması istiqamətində Azərbaycanda MYS sahələrinə aid edilən iqtisadi fəaliyyət növlərinin, peşələrin-vəzifələrin, ölkədə istehsal olunan, ixrac edilən MYS məhsul və xidmətlərinin siyahıları hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.

Nazirlik tərəfindən MYS üzrə xüsusi təqaüd proqramı təsis olunub. Hazırda bu proqram çərçivəsində 20 tələbə müxtəlif ölkələrin aparıcı universitetlərində təhsil alır. Bundan əlavə, qrant müsabiqələri üzrə qeyri-hökumət təşkilatları tərəfindən MYS-lərin inkişafı ilə bağlı təqdim olunan 33 layihə qalib seçilib və ümumilikdə 300 000 manat məbləğində maliyyə dəstəyi təmin edilib.

Adil Kərimli bu istiqamətdə işlərin sistemli şəkildə davam etdirildiyini diqqətə çatdırıb, aidiyyəti qurumların prosesdə daha sıx əməkdaşlıq etməsinin əhəmiyyətini vurğulayıb, tədbirin təşkilində əməyi keçənlərə təşəkkürünü bildirib.

Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov da çıxışlarında MYS-lərin əhəmiyyətini yüksək qiymətləndiriblər.

Sonra Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanovun “Yaradıcılığı həyat tərzimizə çevirək!” adlı geniş məruzəsi dinlənilib. Mədəniyyət nazirinin müavini Səadət Yusifova isə “Yaradıcı Azərbaycan – 2025” mövzusunda təqdimatla çıxış edib.

Daha sonra nazirliyin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizovun moderatorluğu ilə “Yaradıcılığa yatırım et!” (İnvest2Create) mövzusunda təqdimatlar olub.

 

Fariz Yunisli