Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin (RMİ) təşkilatçılığı ilə Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində 10 mart - Milli Teatr Günü və Xaçmaz Xalq teatrının yaranmasının 10 illiyi münasibətilə tədbir keçirilib.
Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, Quba-Xaçmaz RMİ-nin rəisi Vüsal İbrahimov, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə Xaçmaz Xalq teatrının 10 illiyinə həsr olunmuş sərgi ilə tanış olublar.
Azərbaycan teatrının 152 illik fəaliyyətinə və Ulu öndər Heydər Əliyevin milli teatrımız haqqında çıxışlarına dair videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər Azərbaycan milli peşəkar teatrının yaranma tarixi haqqında ətraflı məlumat veriblər.
Qeyd edilib ki, Azərbaycan teatrı zəngin inkişaf yolu keçib, zamanın keşməkeşlərindən üzüağ çıxıb. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan teatrı dünyanın aparıcı beynəlxalq festivallarında uğurla təmsil olunur.
Sonra Nəzər Mirzəyevin erkən nikahlara, qızların təhsildən yayınmasına qarşı çıxan “Həyata dönüş” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş etdirilib. Səhnə əsərinin ssenari müəllifi Nəzər Mirzəyev, rejissoru İlham Tağızadədir. Tamaşa maraqla qarşılanıb.
Sonda Xaçmaz Xalq teatrı rayon İcra Hakimiyyəti və regional idarə tərəfindən təşəkkürnamə ilə təltif edilib.