Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında bəstəkarın “Min bir gecə” baleti təqdim olunub.

Heydər Əliyev Sarayının səhnəsində nümayiş olunan tamaşada əsas rolları Yuliya Ferştandt (Şəhrizad), İlya Manayenkov (Şəhriyar), Liana Praga (Nuridə), Seymur Qədiyev (Nuridənin sevimli qulu) ifa ediblər.

Fikrət Əmirovun ərəb nağılları əsasında yazdığı “Min bir gecə” baleti ilk dəfə 1979-cu ildə Azərbaycan Dövlət Opera və Balet Teatrında Əməkdar incəsənət xadimi Nailə Nəzirovanın quruluşunda tamaşaya qoyulub. Librettonu Maqsud və Rüstəm İbrahimbəyovlar yazıb, bədii tərtibat Xalq rəssamı Toğrul Nərimanbəyova məxsusdur. Yarım əsrə yaxındır teatrın repertuarını bəzəyən balet incisi Azərbaycandan kənarda da müxtəlif şəhərlərdə fərqli quruluşlarda səhnəyə qoylulub.

Bakı səhnəsindəki budəfəki tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev olub. Xormeyster Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Qeyd edək ki, martın 4-də başlayan Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı ayın 9-da başa çatır.