Üzeyir Hacıbəylinin 140, Bəxtiyar Vahabzadənin 100 illiyi müxtəlif tədbirlərlə qeyd ediləcək  

 Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin martın 7-də növbəti iclası keçirilib. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli iclası açaraq tədbirin gündəliyi barədə məlumat verib.

İclasda müzakirəyə çıxarılan ilk məsələ Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 3 fevral tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planının təsdiq edilməsi haqqında olub.

Akademik İsa Həbibbəyli bildirib ki, tədbirlər planında “Üzeyir Hacıbəyli: ədəbi-mədəni dəyər və mənəvi-estetik zənginlik”, “Akademik Üzeyir Hacıbəyli və Azərbaycan musiqi mədəniyyəti”, “Üzeyir Hacıbəylinin publisistikasında dil məsələləri”, “Üzeyir Hacıbəylinin Azərbaycanın ictimai-siyasi fikir tarixində yeri”, “Üzeyir Hacıbəylinin yaradıcılığı və maarifçilik fəaliyyəti”, “Üzeyir Hacıbəylinin yaradıcılığında azərbaycançılıq və türkçülük ideyaları”, “Xalq düşüncəsinin ecazkarlığı: səsdə və bədii sözdə”, “Azərbaycan musiqişünaslığında Üzeyir Hacıbəyli imzası”, “Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələnmiş romansları”, “Üzeyir Hacıbəylinin jurnalistik fəaliyyəti”, “Üzeyir Hacıbəyli – 140” mövzularında konfrans, dəyirmi masa və virtual sərginin keçirilməsi və bir sıra kitabların nəşr edilməsi yer alıb.

Daha sonra ölkə Prezidentinin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2025-ci il 21 fevral tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə olunub.

AMEA-nın rəhbəri görkəmli şairin yubileyinin nəinki ölkəmizdə, bütün Türk dünyasında qeyd olunduğunu, TÜRKSOY-un 2025-ci ili “Bəxtiyar Vahabzadəni Anım İli” elan etdiyini bildirib, şairin 100 illik yubileyinin akademiyada da yüksək səviyyədə keçiriləcəyini diqqətə çatdırıb. O, AMEA-nın elmi müəssisə və təşkilatlarına, regional elmi bölmə və mərkəzlərinə Bəxtiyar Vahabzadənin yubileyinin qeyd olunması ilə bağlı AMEA-nın Tədbirlər planının hazırlanması istiqamətində təkliflərini təqdim etmələrini tapşırıb.

Rəyasət Heyətinin iclasında AMEA-nın “Əziz Səncər fəxri diplomu”, “Üzeyir Hacıbəyli fəxri diplomu” və “Lev Landau fəxri diplomu”nun təsis edilməsi haqqında qərarlar qəbul olunub. Həmçinin akademiklər Sadıq Dadaşov və Mikayıl Hüseynovun 120, AMEA-nın müxbir üzvlər Məqsəd Səttarovun 100 və AMEA-nın müxbir üzvü İlyas Babayevin 90 illik yubileyləri haqqında da qərarlar qəbul edilib.

Daha sonra bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib, çıxışlar dinlənilib.