Qubada Xalq artisti, məşhur aktyor Bəşir Səfəroğlunun 100 illik yubileyi qeyd olunub.
Quba rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə istedadı ilə adını kino və teatr tariximizə qızıl hərflərlə yazdırmağı bacaran Bəşir Səfəroğlunun həyat və yaradıcılığından geniş söz açılıb.
Bildirilib ki, Bəşir Səfəroğlu 1925-ci il martın 11-də Bakıda dünyaya göz açıb. “Aygün” (Əmirxanın dostu), “Qəribə əhvalat” (Cəmil), “Əhməd haradadır?” (Sərxoş), “Ulduz” (Gülümsərov), “Xoca Nəsrəddinin 12 qəbri” (Nəsrəddin), “Yun şal” (Kişi) və “Yaşamaq gözəldir, qardaşım” (Səfər) filmlərində çəkilib. Altmışıncı illərin ortalarında Azərbaycan Dövlət Filarmoniyasında təşkil olunan “Gəlməli, görməli, gülməli” miniatür teatrında Bəşir Səfəroğlu onlarla satirik obraz yaradıb. Bəşir Səfəroğlu 1964-cü ildə "Əməkdar artist", 1968-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb. O, 1969-cu il martın 23-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Yubiley gecəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı aktyorun qızı, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə yazıçı-dramaturq Əli Səmədlinin “Toya bir gün qalmış” tamaşasını təqdim edib.
Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, musiqi rəhbəri Xalq artisti Ənvər Sadıqov, musiqi tərtibatçısı Emin Həsənov, baletmeysterləri Əməkdar artistlər Yelena və Zakir Ağayevlər, rejissor assistenti Tamilla Aslanovadır.
Tamaşada Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı, Əməkdar artistlər Ələkbər Əliyev, Əzizağa Əzizov, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Gültac və Hüseyn Əlili, Rəsmiyyə Nurməmmədova, Gülnarə Əzizova, Elxan İsmayılov, Ruslan Mürsəlov, Fərid Rzayev çıxış ediblər.