AMEA-nın Folklor İnstitutu Elmi şurasının qərarı ilə Təhsil şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Nizami Adışirinovun “Molla Cümə yaradıcılığının mifopoetikası” monoqrafiyası çapdan çıxıb.

Tədqiqatın birinci fəslində şimal-qərb bölgəsində aşıq sənətinin təşəkkülü və inkişafı, Molla Cüməni formalaşdıran mühit məsələsi araşdırılır, həmçinin Şəki-Zaqatala aşıq məktəbinin inkişafında Molla Cümənin və onun yetirmələrinin rolundan bəhs edilir. Tədqiqatda aşıq haqqında müxtəlif məzmunlu rəvayətlərin də təhlilə cəlb olunmasının vacibliyi vurğulanır.

Monoqrafiyada problem səviyyəsində qaldırılan məsələlərdən biri də Molla Cümənin ustadının kimliyi məsələsidir. Tədqiqatçılar arasında Molla Cümənin aşıqlığa necə başlaması haqqında rəvayət xarakterli müxtəlif fikirlər səslənsə də, onun aşıq sənətinin sirlərini kimdən öyrənməsi məsələsi uzun müddət diqqətdən kənarda qalıb. Monoqrafiyada Molla Cümənin ustad şəcərəsi də araşdırılıb.

Kitabın ikinci fəslində Molla Cümənin yaradıcılığı mifoloji aspektdən təhlil edilir. Aşığın yaradıcılığında rast gəlinən mifik obrazlar, şeirlərində mistik-mifoloji məkan, sayların və rənglərin mifik simvolikası kimi məsələlər araşdırılır. Həmçinin İsmi Pünhanın kimliyi məsələsinə yenidən nəzər salınır.

Tədqiqatın üçüncü fəslində Molla Cümə yaradıcılığı dastançı-aşıq kimi araşdırılır. Aşığın çap olunmuş və indiyədək çap olunmamış dastanları müqayisəli şəkildə təhlilə cəlb edilir.

Monoqrafiyanın elmi redaktoru professor Ramazan Qafarlı, rəyçiləri professor Rüstəm Kamal və Molla Cümənin nəticəsi, tədqiqatçı Elman Əzizovdur.