Martın 4-də Bakıda Türkiyə Prezidenti Administrasiyası Kommunikasiya İdarəsi tərəfindən həyata keçirilən “Stratcom Public Forum” tədbirləri çərçivəsində “Daha ədalətli bir dünya mümkündür” adlı panel təşkil olunub.
Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun videomüraciəti yayımlanıb. O, videomüraciətdə BMT-nin fəaliyyətindəki problemlərdən danışıb. Bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışlarında bəyan etdiyi “Dünya beşdən böyükdür” fikri də BMT-də islahata ehtiyacın olduğuna diqqət çəkir. “Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi olaraq, biz 20 fərqli ölkədə "Stratcom Public Forum" çərçivəsində təşkil edilən tədbirləri dəstəkləyirik. BMT-nin fəaliyyətindəki problemlər dünyada sülhün bərqərar edilməsini mürəkkəbləşdirir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yanaşması BMT daxilində islahatların aparılmasına dəstək verilməsi yönündədir. Ölkəmizin təşkilatçılığı ilə keçirilən tədbirlər ayrı-ayrı cəmiyyət nümayəndələri arasında dialoqu dəstəkləyir. Bugünkü tədbirin daha ədalətli dünya qurulması istiqamətindəki tədbirlərə təkan verəcəyinə inanırıq", – deyə o qeyd edib.
Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Cihangir İşbilir açılış nitqində diqqətə çatdırıb ki, 2021-ci ildə əsası qoyulan Stratcom Forumu Türkiyə Ünsiyyət Modeli çərçivəsində təşkil edilən, dezinformasiya ilə mübarizə, böhran ünsiyyəti, xalq diplomatiyası, texnologiya, media planlaması və yeni media bacarıqları kimi mövzuları əhatə edən beynəlxalq ünsiyyət forumudur. O qeyd edib ki. beynəlxalq təşkilatların əsas vəzifəsi qlobal sülhü və təhlükəsizliyi təmin etmək olsa da, elə bir hal yaranıb ki, onlar qarşıdurmaları qızışdırmağa, gərginliyin artmasına xidmət edirlər: "Dünya sistemində islahatlara, dəyişikliklərə ehtiyac var. Bu məqsədlə tutarlı tədbirlərin görülməsi son dərəcə zəruridir. Dünya miqyasında sülhə və təhlükəsizliyə töhfə vermək üçün bir sıra qurumlar mövcuddur. Müharibələrin qarşısına sədd çəkmək elə sülhün təminatı mənasına gəlir. Ancaq təəssüf ki, biz qlobal qurumların bu qırğınları daha da alovlandırdığının şahidi olmaqdayıq... ”.
Sonra panel məruzəçilərin çıxışları ilə davam edib.
Panelə Türkiyənin Kocaeli Universitetinin professoru İrfan Kaya Ülger moderatorluq edib.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyev çıxışında beynəlxalq münasibətlər sistemində dövlətlərin siyasətindən danışıb. Qeyd edib ki, beynəlxalq münasibətlərin kökündə ədalət, hüquq və diplomatiya dayanır. O, bu baxımdan Azərbaycan Türkiyə əlaqələrini nümunə göstərib.
"APA Media Group"un baş direktoru Vüsalə Mahirqızı ədalətli dünyanın qurulmasında medianın rolundan danışıb: “Təəssüflənirəm ki, bu gün medianın dünyada ədalət üçün çalışdığını söyləməyə çətinlik çəkirəm. Bəzi hallarda medianın işi dünyada ədalətin qurulmasından daha çox, müharibələrin alovlanmasına və informasiya manipulyasiyalarına yol açır”.
Türkiyə Maarif Vəqfinin Azərbaycan üzrə təmsilçisi Sərdar Gündoğan Türkiyə ilə Azərbaycan arasında təhsil sahəsindəki əlaqələrdən bəhs edib. O diqqətə çatdırıb ki, Türkiyədə 336 min əcnəbi tələbə təhsil almaqdadır ki, onların da 27 mini azərbaycanlıdır. Türkiyə Maarif Vəqfinin 56 ölkədə rəsmi nümayəndəlikləri fəaliyyət göstərməkdədir. Vəqf fəaliyyət göstərdiyi ölkələrdə 70 min nəfər gənci təqaüdlə təmin edir.
Milli Müdafiə Universitetinin prorektoru türkiyəli professor Nurettin Acır çıxışında bildirib ki, beynəlxalq münasibətlərdə haqsızlıqla ən çox türk dövlətləri və İslam ölkələri üzləşir. Beynəlxalq münasibətlərdə gücü şərtləndirən amillərdən danışan natiq qeyd edib ki, türk nə qədər güclü olarsa, dünyada da möhkəm sülh olar.
Sonra məruzəçilər panel iştirakçılarının suallarını cavablandırıblar.
Tədbirin sonunda panelin məruzəçilərinə xatirə hədiyyələri təqdim olunub.