Fikrət Əmirov görkəmli Azərbaycan bəstəkarı, musiqi mədəniyyətinin aparıcı simalarından biri, müasir dünya musiqi mədəniyyəti xəzinəsinə qiymətli töhfələr vermiş sənətkardır. Onun zəngin yaradıcılıq irsinin öyrənilməsi və təbliği böyük əhəmiyyət kəsb edir. Mədəniyyət Nazirliyi, Bəstəkarlar İttifaqı və Gəncə filarmoniyasının birgə təşkilatçılığı ilə 4-9 mart tarixlərində keçirilən və Gəncə Dövlət Filarmoniyasının 90 yubileyinə həsr olunmuş Fikrət Əmirov adına I Ümumrespublika Musiqi Festivalı, bu mənada, diqqətəlayiq sənət layihələrindəndir.
Martın 4-də Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına konsert salonunda festivalın açılış mərasiminə həsr olunmuş “Azərbaycan musiqi mədəniyyətinin inkişafında Fikrət Əmirovun rolu” mövzusunda elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə açaraq Fikrət Əmirov yaradıcılığının dünya və milli musiqi mədəniyyətindəki xidmətlərini qeyd edib. Həmçinin bəstəkarın yaradıcılığını işıqlandıran monoqrafiyalar, elmi məqalələr haqqında da ətraflı məlumat verib.
Festivalın bədii rəhbəri, Əməkdar artist, Gəncə filarmoniyasının direktoru Ramil Qasımov çıxış edərək festival günlərində ölkəmizin aparıcı kollektivlərinin və solistlərinin ifasında təqdim olunacaq konsert və tədbirlər barədə məlumat verib.
Seminar tanınmış ssenarist və rejissor, Əməkdar incəsənət xadimi Cahangir Zeynallının “Fikrət Əmirov” sənədli filminin nümayişi ilə davam edib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderatorluğu ilə davam edən tədbirdə görkəmli bəstəkarın yaradıcılığının müxtəlif sahələrinə dair “Fikrət Əmirovun simfonik muğamları”, “Fikrət Əmirov yaradıcılığında milli ideologiyanın təcəssümü”, “Fikrət Əmirovun “Sevil” operası”, “Fikrət Əmirovun yaradıcılığında Şərq mövzuları” və “Fikrət Əmirovun vokal yaradıcılığında milli ənənələrin təzahürü” mövzularında məruzələr dinlənilib.
Bədii hissədə bəstəkarın unudulmaqda olan “İki sahil” romansının həm video variantı, həm də canlı ifası və “Sevil” operasından Balaşın ariyası səsləndirilib.
Xatırladaq ki, 6 gün davam edəcək festivalın rəngarəng proqramı var. Festival günlərində sənətsevərlər Bakıda və Gəncədə maraqlı konsert proqramlarını, opera və balet tamaşalarını izləyə biləcəklər.
Qeyd edək ki, medeniyyet.info.az saytı da festivalın media dəstəkçiləri arasında yer alır.