Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) “Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri” adlı yeni layihəyə başlayıb.
Mərkəzdən bildirilib ki, Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunan layihənin məqsədi gənc jurnalistlərin mədəniyyət jurnalistikasına marağını artırmaq, bu istiqamətdə fəaliyyətlərini genişləndirmək və praktiki biliklər qazandırmaqdan ibarətdir.
Martın 4-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi ilə layihə üzrə ilk seminar keçirilib. Layihənin ilk seminarı tanınmış jurnalist, “Trend” beynəlxalq informasiya agentliyi Mədəniyyət şöbəsinin rəhbəri Vüqar İmanovun iştirakı ilə gerçəkləşib.
Əvvəlcə MEMİM-in direktor vəzifəsini icra edən Vüqar Hümbətov layihə çərçivəsində uzunmüddətli və peşəkar fəaliyyətləri ilə seçilən, həmçinin mədəniyyət jurnalistikasının inkişafına töhfə verən jurnalistlərin iştirakı ilə seminarların keçiriləcəyini söyləyib.
Çıxış edən Vüqar İmanov müasir texnologiyanın jurnalistika sahəsinə gətirdiyi müsbət və mənfi cəhətlərdən, milli-mənəvi dəyərlərin təbliğində jurnalistikanın əhəmiyyətindən, mədəniyyət jurnalistikasının öyrədici-maarifləndirici xüsusiyyətləri və gənc nəslin əsl peşəkar kimi formalaşmasından, eləcə də sahənin müasir inkişaf istiqamətlərindən söhbət açıb.
Sonra Azərbaycan mədəniyyətinin təbliğindəki xidmətlərinə görə Vüqar İmanov Mədəniyyət Nazirliyinin fəxri diplomu ilə təltif olunub.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı Həmayə Baxışovanın ifasında musiqi əsərləri səslənib.
Rəfiqə Nəsirovanın moderatorluğu ilə keçirilən seminarda fikir mübadiləsi aparılıb, Vüqar İmanov auditoriyanı maraqlandıran sualları cavablandırıb.