Martın 1-də İslam dünyası üçün mübarək ay sayılan Ramazan ayı başlanır.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib.
Fətvada qeyd olunur ki, builki Ramazan xalqımızın qədim bayramı Novruz günlərinə təsadüf edəcək. "Allahın rəhmət və bərəkətinin gəlişinə görə oruclular üçün ruhu və qəlbləri sevindirən Ramazan da, təbiətin Rəbbül-Aləm tərəfindən yenidən oyanışının rəmzi olan Novruz da mübarək bayramlar qismindədir. Ramazanda Quran oxumaq, elm-irfan və ibadətlə məşğul olmaq, iftar süfrələri açmaq, xeyriyyəçilik etmək, ehtiyaclı şəxslərə, kimsəsizlərə, uşaq evlərinə, ahıl və qocalara köməklik göstərmək, valideynlərin qayğısına qalmaq savab əməllərdəndir və bu ənənəvi əməllər mahiyyəti etibarı ilə Novruz adətləri ilə eynidir. Çərşənbələr daxil olmaqla Novruz bayramı gecəsində açılan süfrələr iftarın saatlarına uyğun olmalıdır. Tövsiyə edirik ki, bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin. Qazılar şurası din xadimlərimizin və yerlərdəki imamlarımızın nəzərinə çatdırır ki, Ramazanın vacibatları, qayda və qadağaları, müstəhəb əməlləri barədə dindarlara ətraflı şəkildə məlumatlar və şərhlər verilsin, QMİ-nin hazırladığı moizə və xütbə kitablarına əsaslanaraq dindarlarımıza Ramazanda mənəvi-əxlaqi dəyərlər, vətənpərvərlik və dövlətçiliyə sədaqət məfkurəsi təbliğ olunsun", – deyə fətvada bildirilir.
Həmçinin diqqətə çatdırılır ki, hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib. Bu təqvim İdarəmizin internet saytında (www.qafqazislam.com) yerləşdirilib. Əhalimizin və bütün kütləvi informasiya vasitələrinin məhz QMİ-nin təqviminə istinad etmələri tövsiyə olunur. İnşallah, Qafqaz Müsəlmanları İdarəsi Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsaslanaraq Eydül-Fitr – Ramazan bayramının hilalın görünüşünə görə 30 Mart tarixinə təsadüf edəcəyini bildirir, müəyyən dəyişikliklər olacağı təqdirdə əlahiddə məlumat veriləcək.