“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbiri təşkil edilib.
Bakı Fotoqrafiya Evində keçirilən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə heyətinin sədri Rüfət Mahmud, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, Sosial Xidmətlər Agentliyinin İdarə heyəti sədrinin müşaviri Məftunə İsmayılova, dünya şöhrətli fotoqraf Reza Deqati və başqaları çıxış edərək Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda mülki əhaliyə qarşı törədilən soyqırımının təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş bir cinayət olduğunu vurğulayıblar.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsi dövründə müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi, şanlı Ordumuzun şücaəti və xalqımızın birliyi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Üçrəngli bayrağımızın Qarabağda dalğalanması ilə bütün şəhidlərimizin, o cümlədən Xocalı qurbanlarının qanlarının yerdə qalmadığı, həmçinin bütün işğaldan azad edilmiş ərazilərimiz kimi Xocalının da yenidən dirçəldildiyi vurğulanıb.
Tədbirin bədii hissəsində şəhidlərə həsr edilmiş elegiya dinlənilib, eşitmə və nitq məhdudiyyəti olan gənclər tərəfindən jest dilində “O qanlı gecə” şeiri səsləndirilib.
Daha sonra iştirakçılar “Xocalı – yaralı ruhlar” sərgisi ilə tanış olublar. Sərgi fevralın 28-dək ziyarətçilər üçün açıq olacaq. Giriş sərbəstdir.