Bakı Xoreoqrafiya Akademiyası Sənətşünaslıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Rafiq Sadıqov 22 fevral 2025-ci il tarixində, ömrünün 77-ci ilində vəfat edib.

Rafiq Kərim oğlu Sadıqov 4 iyul 1948-ci ildə Bakının Xırdalan kəndində anadan olub. 1965–1970-ci illərdə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda teatrşünaslıq ixtisası üzrə təhsil alıb. 1967–1971-ci illərdə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində, 1975–1978-ci illərdə isə Moskva Dövlət Teatr İnstitutunun aspiranturasında oxuyub. “Azərbaycan teatr tənqidi 20–40-cı illər” mövzusunda namizədlik (fəlsəfə doktorluğu) dissertasiyası müdafiə edib.

Rafiq Sadıov 1978-ci ildən indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, baş müəllim, dekan vəzifələrində çalışıb. 1996-cı ildən son günlərə qədər universitetin tədris və tərbiyə işləri üzrə prorektoru kimi fəaliyyət göstərib. Sənətşünas-alim 2019-cu ildən eyni zamanda Bakı Xoreoqrafiya Akademiyasının Sənətşünaslıq kafedrasında işləyib. Teatrşünaslıq və mədəniyyətşünaslığın müxtəlif problemlərinə həsr olunmuş çoxsaylı məqalələrin müəllifidir.

2013-cü ildə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülən alim 2018-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin.