Londonda Britaniya Kino və Televiziya Sənəti Akademiyasının (BAFTA) mükafatları təqdim olunub. Mərasim “Royal Fest Hall”da baş tutub. BAFTA mükafatlarını çox vaxt "Oskar" təqdimatı ərəfəsində məşq adlandırırlar.

BAFTA-nın əsas – "Ən yaxşı film" mükafatı Roma Papasının seçilməsindən bəhs edən “The Conclave” trillerinə verilib. Bu ekran əsərindən əlavə, “Ən yaxşı film” nominasiyasında “Anora”, “The Brutalist”, “The Perfect Stranger” və “Emilia Perez” filmləri də namizəd olub.

Rejissorluq mükafatı Holokostdan sağ çıxan memar haqqında üçsaatlıq epik dram olan “The Brutalist”in quruluşunu verən Bredi Korbetə təqdim olunub. Kateqoriyada digər namizədlər arasında Şon Beyker (“Anora”), Edvard Berger (“The Conclave”), Denis Vilnev (“Dune”), Jak Audiard (“Emilia Perez”) və Korali Farjat (“Substantion”) var idi. Amerikalı aktrisa Mayki Medison “Anora” filmindəki roluna görə ən yaxşı aktrisa seçilib. Ən yaxşı aktyor nominasiyasının qalibi Holokostdan ABŞ-a qaçan qondarma macar memar Laszlo Totdan bəhs edən “The Brutalist” filmində baş rolu ifa edən Adrien Brodi olub.

Qeyri-ingilis dilində ən yaxşı film rejissor Jak Audiardın “Emilia Perez” kriminal komediyası elan olunub.

Britaniyalı rejissor Frans Bemin Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlamasından bəhs edən, ukraynalı aktyor Aleksandr Rudinskinin rol aldığı “Daş, kağız, qayçı” qısametrajlı filmi “Ən yaxşı Britaniya qısametrajlı filmi” nominasiyasında mükafata layiq görülüb.

Qeyd edək ki, kino dünyasının əsas hadisəsi sayılan "Oskar" mükafatları bu il martın 3-də təqdim ediləcək.