Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin (RMİ) tabe müəssisəsi olan Salyan Dövlət Rəsm Qalereyası Azərbaycan təsviri sənət tarixində dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin 200 illiyi münasibətilə rəsm müsabiqəsi elan edib.

Şirvan-Salyan RMİ-dən verilən məlumata görə, görkəmli sənətkarın yubileyi haqqında Prezident İlham Əliyevin müvafiq sərəncamından irəli gələrək keçirilən müsabiqəyə Qarabağ, Zəngəzur, İrəvan şəhəri, eləcə də Mirzə Qədim İrəvaninin özü ilə bağlı mövzular üzrə rəsm əsərləri qəbul edilir.

Təqdim olunan əsərlər realist üslubda, müxtəlif texnikalarda ola bilər. Hər iştirakçı müsabiqəyə minimum 1, maksimum 3 əsər təqdim edə bilər. Əsərlərin ölçüsü 30x40 sm (A3 format) olmalıdır. Rəsm müsabiqəsi 7-10, 11-15, 16-20 yaş qrupları üzrə keçirilir.

Əsərlər Salyan Dövlət Rəsm Qalereyasına təqdim edilə və ya +994 50 546 80 30, +994 55 309 80 96 whatsapp nömrələrinə, gallerysalyan@gmail.com  ünvanına göndərilə bilər.

Rəsm əsərləri aprelin 15-dək qəbul ediləcək.