Şəki xan qəbiristanlığının cənub tərəfindəki bir məzar digərlərindən xeyli fərqlənir. Həmin qəbrin üzərinə beton tökülmüşdür. Qeyri-adi formada olan başdaşı ağ mərmərdən hazırlanmışdır. Deyilənlərə görə, vaxtilə onun üzərində mərmər hissə də olubmuş. Lakin sonralar həmin başdaşını Şəki İpək Kombinatının 4 nömrəli filialına aparıb üzərində kəlağayılara naxış vururmuşlar...
“Naməlum” qəbrin mərmər başdaşındakı yazılar bir qədər zədələnsə də, çox asanlıqla oxunur: “Əhməd xan bin Məhəmməd Müxlis. Anadan olub hicri 17 şəvval 1275-ci il tarixdə (20 may 1859). Vəfat edib 21 məhərrəm 1309-cu il tarixdə (27 avqust 1891). Şəki Xan məscidinin imam köməkçisi Habil Xəlilov bizə bildirdi ki, 1-2 il əvvəl epiqrafikada “müxlis” sözündən sonra “paşa” sözü də oxunurmuş, amma hal-hazırda bu sözü oxumaq mümkün deyil.
Qəbiristanlıqdakı epiqrafik abidələri vaxtilə görkəmli epiqrafçı alim Məşədixanım Nemətova tədqiq etmişdir. Lakin onun 1961-ci ildə çap olunmuş “Nuxa “Xan qəbiristanlığı”ndakı başdaşıların kitabələri haqqında” adlı məqaləsində bu başdaşından söhbət açılmır. Məşədixanım Nemətova daha sonra çap olunmuş məqalələrində və kitablarında da bu qəbrin epiqrafikasından heç bəhs etməmişdir. Amma o, 2000-ci ildə bu sətirlərin müəllifinə orada ağ mərmər üzərində bulaq kitabəsinin olduğunu demişdi...
Bəs Əhməd xan kimdir? Bu sualın cavabını tanınmış maarifçi, tədqiqatçı, pedaqoq və etnoqraf Əhməd Nəbiyevin (1885-1970) bu yaxınlarda ictimailəşmiş əlyazmasında tapdıq: Əhməd xan ana tərəfdən Şəki xanı İsmayıl xanın və onun arvadı Tuti ağanın nəvəsidir. Ata tərəfdən isə onun ulu babası ilisulu Daniyal sultandır. Əhməd xan 1891-ci ildə 31 yaşında vəfat etmişdir. Onun oğlu isə Ədilxandır.
Ədilxan Yelisuyski 1882-ci ilin dekabr ayında Nuxada (indiki Şəki) anadan olmuşdur. 1891-ci ildə – 9 yaşı olarkən 31 yaşlı atası vəfat etmişdir. Ədilxan 1901-ci ildə Tiflis real məktəbini bitirmişdir. Onun Novorossiya İmperator Universitetində (Odessa), Leypsiq Universitetində (Almaniya) zootexnik ixtisası üzrə, Sankt-Peterburqdakı ali təhsil müəssisələrindən birində təhsil alması barədə məlumatlar var. Lakin bu məlumatlardan hansısa birinin təsdiqlənməsi hələlik mümkün olmamışdır.
1907-ci ildə Ədilxan Nuxanın 7 verstliyində, atasının şərəfinə onun adını daşıyan Əhmədbəyli at zavodunu (atçılıq təsərrüfatı) yaratmışdır. Bir neçə ildən sonra həmin zavod rayonun Daşüz kəndinə köçürülmüşdür. 1914-cü ildə onun at zavodunda 300 başdan artıq at olmuşdur. I Dünya müharibəsinin başlanmasından (1914) sonra bu atlardan əvvəl 60, sonra 40, daha sonra 25 başını rus ordusuna vermişdir. Ədilxan Yelisuyski 1918-ci ilin noyabr ayında Nuxa Şəhər İdarəsinin başçısı idi.
1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra onun yerdə qalan 160 baş atdan ibarət təsərrüfatının idarə edilməsinə elə özü də rəhbərlik etmişdir. 14 fevral 1928-ci il tarixində Ədilxan Tiflisə köçmüş, əvvəl bir müddət ZSFSR Kənd Təsərrüfatı Nazirliyində, sonra isə uzun müddət digər kənd təsərrüfatı qurumlarında atçılıq sahəsi üzrə müxtəlif vəzifələrdə çalışmışdır. Ədilxan Yelisuyski 1fevral 1971-ci il tarixində – 88 yaşında Tbilisidə vəfat etmişdir. 3 fevralda Gəncədəki İmamzadə qəbiristanlığında dəfn olunmuşdur.
Ədilxan iki dəfə ailə qurmuşdur. Birinci arvadı Türkiyədə yaşayan əmisi general-leytenant Seyfulla paşanın qızı idi. Lakin qısamüddətli evlilikdən sonra o, boşanaraq Türkiyəyə qayıtmış və qızı Firdovsu da özü ilə aparmışdır. İkinci arvadı Zülqədərovlardan Mehrəli bəyin qızı Bilqeyis xanım (1894-1978.) olmuşdur. Ondan isə üç oğlu və bir qızı doğulmuşdur.
Ədilxanın Daşüzdə qurduğu at zavodu isə 1953-cü ilədək fəaliyyət göstərmişdir. Sonra isə atlar Ağdam at zavoduna verilmiş və Ədilxanın at zavodunun bazasında Daşüz camışçılıq sovxozu yaradılmışdır.
Ədilxanın general əmiləri
Məhəmməd xan. Aleksandr Düma (ata) 1858-ci ildə Nuxada olarkən Məhəmməd xanla görüşmüş, onun mayor rütbəsində olduğunu, sinəsində “Georgi xaçı” ordeni gəzdirdiyini, onun Şəkinin axırıncı xanının nəvəsi, Daniyal sultanın isə bacısı oğlu olduğunu öz kitabında qeyd etmişdir. 1860-cı illərdə leyb-kazak polkunun polkovniki idi. Daniyal sultanın boşanmış qızı Nanə xanımı almışdır. Türkiyəyə mühacirət etdikdən sonra “Mehmet paşa Müxlis” adı ilə tanınmış və türk ordusunun general-leytenantı olmuşdur. O, 22 fevral 1896-cı il tarixində vəfat etmiş, İstanbuldakı Qaraca Əhməd qəbiristanlığında dəfn olunmuşdur. Ölümündən bir ay keçməmiş həyat yoldaşı Firdovs da vəfat etmiş və ərinin qəbri yanında dəfn edilmişdir. Oğlanları Cəfər isə onlardan 4-5 il əvvəl vəfat etmişdir.
Adıgörklü. 1868-ci ildə atası ilə İstanbula mühacirət etmişdir.
Məhəmmədsadıq. 1839-cu ildə anadan olmuşdur. O da atası və iki qardaşı kimi İstanbula mühacirət etmişdir.
Seyfulla paşa (1852-1909). 18 yaşında – atası və qardaşından sonra İstanbula mühacirət etmişdir. 1873-cü ildən Osmanlı ordusunun hərbi əməliyyatlarında iştirak etməyə başlamışdır. 1877–1878-ci illər rus-türk müharibəsində kəşfiyyatçı zabit olmuşdur. 1885-ci ildə ovçu adı altında Yunanıstanda (Afinaya yaxın) strateji məqsədlər üçün məlumatlar toplamışdır. Daha sonra türk ordusunun Balkan əməliyyatlarında iştirak etmiş və general rütbəsi almışdır. 1900-cü illərin əvvəllərində Osmanlı imperiyasının İşkodra vilayətinin (indiki Monteneqro və Albaniya ərazisi) valisi idi. O, aeroplanı 500 metr hündürlüyə qaldırmış ilk türk sınaqçı-təyyarəçisi hesab olunur.
Aydın Məmmədov
M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin əməkdaşı