Tanınmış ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, dosent, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin baş elmi işçisi Nəzakət Məmmədli 4 fevral 2025-ci il tarixində, ömrünün 54-cü ilində vəfat edib.

Nəzakət Fətəli qızı Məmmədli 1971-ci il dekabrın 25-də Sabirabad rayonunun Yuxarı Axtaçı kəndində anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1994–1997-ci illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında Azərbaycan ədəbiyyatı ixtisası üzrə təhsil alıb, “Füzulinin “Leyli və Məcnun” əsərində təsəvvüf və onun bədii ifadə sistemi” mövzusunda namizədlik (fəlsəfə doktorluğu) dissertasiyası müdafiə edib.

Nəzakət Məmmədli 1994-cü ildən 2010-cu ilə qədər Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində, 2010-cu ildən ömrünün sonuna qədər Əlyazmalar İnstitutunda böyük elmi işçi, aparıcı elmi işçi və baş elmi işçi vəzifələrində çalışıb. O, 2023-cü ildə “Şeyx Fəridəddin Əttar və Azərbaycan ədəbiyyatı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Alimin əsas elmi nailiyyətləri təsəvvüf ədəbiyyatı ilə əlaqədar mühüm mənbələrin üzə çıxarılması, əski əlyazma qaynaqlarının transfoneliterasiyası, nəşri və tərcüməsi olub. N.Məmmədli 160-a yaxın elmi əsərin, o cümlədən 9 kitabın və 5 monoqrafiyanın müəllifidir.

Allah rəhmət eləsin.