“İRS” beynəlxalq jurnalının alban dilində növbəti nömrəsi “Irs-Trashëgimia” çapdan çıxıb.
2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və ölkəmizin COP29 Sədrliyinə təsadüf etdiyini nəzərə alaraq, jurnalın yeni nəşrində ətraf mühitin qorunması, yaşıl enerji sahəsində həyata keçirilmiş layihələr, perspektivlər və həmçinin Azərbaycanın iqlim dəyişikliyi üzrə prioritetləri və ümumiyyətlə COP-la bağlı geosiyasət haqqında mövzulara həsr olunmuş Azərbaycan və Albaniya müəlliflərinin məqalələri yer alıb.
Böyük Britaniyalı jurnalist İan Peartın “Şuşaya heyranlıqla” və Naziya Məmmədovanın “Qarabağda Qafqaz Albaniyasının ziyarətgahları” mövzularında məqalələr də yerli oxucular üçün maraqlı olacaq. Ziyarət Cabbarovanın və Etibar Cəfərovun “Azərbaycan – tolerantlıq diyarı”, tarix elmləri doktoru Musa Qasımlının “İrəvan necə Ermənistanın paytaxtı oldu”, italiyalı pianoçu Aldo Raqoninin Azərbaycan musiqisinə dair məqalələri oxucuların ölkəmiz haqqında bilgisini genişləndirməyə kömək edəcək.
Qeyd edək ki, dünyanın müxtəlif dillərində Azərbaycan həqiqətlərini yayan, qədim tariximizi tanıdan, zəngin mədəniyyətimizi təbliğ edən “İRS” beynəlxalq jurnalının baş redaktoru Musa Mərcanlıdır.