Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında "Düyməcik" tamaşasının oxunuş məşqlərinə başlanılıb.

Teatrdan verilən məlumata görə, yeni səhnə əsəri danimarkalı yazıçı Hans Xristian Andersenin eyniadlı əsəri əsasında hazırlanır.

Teatrın direktoru Naidə İsmayılzadə tamaşanın tamaşanın yaradıcı heyəti ilə görüşüb, yeni işdə kollektivə müvəffəqiyyət arzu edib.

Rejissor Ayla Osmanovanın quruluşunda hazırlanan səhnə əsərinin quruluşçu rəssamları Şahin Hüseynli, Yekaterina Xaritonova, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assisenti Nəsibə Canəliyevadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova aiddir.

Tamaşada Aydan Həsənzadə, Fəridə Qurbanova, Ramil Məmmədov, Xəyalə Qasımova, İlhan Sadıqov, Könül Əbilova, Elgün Yəhyayev, Mətləb Abuşov, İradə Rəşidova, Anar Seyfullayev, İlahə Əmirxanova, Aybəniz Heydərova, Nuranə Vaqifqızı, Gelbəniz Lətifova iştirak edirlər.

Mehribanlıq, dostluq və müdriklikdən bəhs edən "Düyməcik" nağılı insanlara həyatda baş verən istənilən çətinlik qarşısında heç vaxt ümidsizliyə qapılmamağı, xoşbəxtliyə çatmaq üçün isə təmiz qəlbə, mərhəmətli düşüncəyə sahib olmağı təlqin edir.