Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan A.Məlikov adına 11 nömrəli onbirillik Musiqi məktəbində 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş konsert keçirilib.

Əvvəlcə tədbirin aparıcısı əlamətdar günün yaranmasından danışıb. Bildirilib ki, Azərbaycan dövləti gənc nəslin düzgün yetişdirilməsini diqqət mərkəzində saxlayır. Bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

Sonra məktəbin müxtəlif ixtisaslar üzrə gənc müəllimləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət konsert proqramını təqdim ediblər. Konsert alqışlarla qarşılanıb. 

Tədbir zamanı məktəbin fortepiano ixtisası üzrə müəllimi Cəmilə Bəşirli Binəqədi Rayon İcra Hakimiyyətinin fəxri fərmanı ilə təltif edilib.
***

Baş idarənin tabeliyindəki 24 nömrəli onbirillik Musiqi məktəbində də gənclərin bayramı münasibətilə konsert təşkil olunub.

İfalardan öncə əsası 1997-ci ildə Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Gəncləri Günü haqqında məlumat verilib, gənclərin dövlətin böyük diqqət və qayğısı ilə əhatə olunduğu vurğulanıb.

Daha sonra məktəbin "Cəngi" xalq çalğı alətləri orkestri, məzunları, gənc müəllimləri və şagirdlərinin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib. Bir-birindən maraqlı ifalar tamaşaçıların könlünü oxşayıb.