Mərakeş Krallığının Sahara bölgəsi (Qərbi Sahara) üzərindəki suverenliyini beynəlxalq müstəvidə tanıtmaq niyyəti daha bir ölkə tərəfindən müsbət qarşılanıb.

Mərakeşin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, bu dəfə dəstək Belçikadan gəlib.

Belçika 2007-ci ildə təqdim olunan Mərakeşin Sahara bölgəsinə muxtariyyət təşəbbüsünü krallıq tərəfindən ciddi və etibarlı səylə həyata keçirilən, eləcə də bütün tərəflərin qəbul edə biləcəyi bir həll üçün çox yaxşı bir əsas hesab edir.

Bu barədə Belçikanın xarici İşlər, Avropa işləri, xarici ticarət və mədəniyyət təsisatları naziri Bernard Kvintin yanvarın 29-da Rabatda Mərakeşin xarici işlər, Afrika əməkdaşlığı və xaricdə yaşayan mərakeşlilərlə iş üzrə naziri Nasser Burita ilə danışıqlarından sonra keçirilən brifinqdə bildirib.

Aparılan danışıqların “muxtariyyət planının bütün aspektlərini anlamağa və bu məsələnin Mərakeş üçün mövcudluq xarakteri daşıdığını dərk etməyə kömək etdiyini” vurğulayan Belçika naziri əlavə edib ki, “biz bu məsələnin Mərakeş üçün nə qədər vacib olduğunu bilirik”.

“Bəzi tanınmış Avropa və beynəlxalq tərəfdaşlar mövqelərini dəyişiblər”, – deyə o bildirib və Mərakeşlə Belçikanın “bu mövzuda konstruktiv şəkildə əməkdaşlığı davam etdirəcəyini” qeyd edib.

Belçika “ədalətli, davamlı və qarşılıqlı qəbul edilə bilən siyasi həll üçün BMT prosesini tam şəkildə dəstəkləyir”, – deyə Kvintin bəyan edib.

Səfirliyin məlumatında diqqətə çatdırılır ki, Belçikanın konstruktiv mövqeyi Mərakeşin suverenliyini və Sahara bölgəsinə muxtariyyət planını dəstəkləyən beynəlxalq dinamika ilə üst-üstə düşür.

Xatırladaq ki, Mərakeş 1975-ci ildə Qərbi Saharada gerçəkləşən dinc "Yaşıl yürüş" aksiyasından sonra bölgə üzərində suverenlik haqqını dünyaya bəyan edib. Lakin 1976-cı ildə qonşu Əlcəzairin dəstəyi ilə bölgədə separatçı “Sahara Ərəb Demokratik Respublikası” ("SADR") elan edilib. Bir sıra ölkələr “SADR”ı tanıdıqlarını bildirsələr də, sonrakı illərdə əksəriyyət bu niyyətdən daşınıb. 2000-ci ildən bəri 46 ölkə separatçı qurumla əlaqələrini dayandırıb.

Mərakeş Krallığı 2007-ci ildə Sahara bölgəsinə muxtariyyət təklif edib və buna beynəlxalq dəstək qazanmaq üçün səylərini davam etdirir. Ötən müddətdə BMT Təhlükəsizlik Şurasında Mərakeşin muxtariyyət planını təqdir edən bir neçə qətnamə qəbul olunub.