Yeni il bayramı günlərində Gəncə Dövlət Kukla Teatrında uşaqlar üçün yeni tamaşa nümayiş olunur.

Gəncə Dövlət Kukla Teatrının direktoru Əməkdar artist Fərmail Paşayevin bildirdiyinə görə, “Qrinçin Yeni il xəyalları” adlı tamaşaya teatrın baş rejissoru Şamil Məmmədli quruluş verib.

Səhnə əsərində Yeni ilin personajları Şaxta baba və Qar qız, eləcə də uşaqların çox sevdiyi nağıl qəhrəmanları iştirak edirlər.

Rolları Səməd Xanəhmədov, Elmar Vəliyev, Saleh Cümşüdlü, Mahirə Haqverdiyeva, Nərmin Şərifova, Zülfiyyə Əliyeva, Nahidə Namazova ifa edirlər.

Tamaşa üçün musiqi parçaları süni intellektin köməyi ilə tərtib edilib.

Dekabrın 25-də başlanan nümayişlər yanvarın 5-dək davam edəcək. Tamaşa gündə 4 seans göstərilir.

Bundan başqa, teatrda alman xalq nağılı əsasında “Üç donuz balası” tamaşasının məşqləri başlanıb. Yeni səhnə işinə Əməkdar artist Fərmail Paşayev quruluş verir.