Fransa-Azərbaycan Dialoqu Assosiasiyası və ölkəmizin səfirliyinin dəstəyi ilə Parisdə fəaliyyət göstərən “Natəvan” məktəbinin şagirdləri üçün Yeni il bayramı təşkil olunub.
Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) keçirilən tədbirdə “Natəvan” məktəbinin müəllim və şagirdləri, valideynlər, səfirliyin əməkdaşları iştirak ediblər.
Səfir Leyla Abdullayeva çıxış edərək məktəbin kollektivini qarşıdan gələn Yeni il münasibəti ilə təbrik edib, əmin-amanlıq, firavan həyat arzulayıb.
“Natəvan” məktəbi şagirdlərinin Yeni il münasibətilə hazırladıqları ədəbi-musiqili proqram nümayiş olunub.
Parisdəki AMM-də 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə də tədbir keçirilib.
Mərasimdə səfir Leyla Abdullayeva bu günün əhəmiyyətindən söz açıb, Fransa kimi bir ölkədə Azərbaycan icmasının həmrəyliyinin xüsusilə vacibliyini qeyd edb.
Bədii hissədə XIII “Şərq təranələri” Beynəlxalq Musiqi Festivalının (Səmərqənd) Qran-pri mükafatçısı “Simurq” muğam ansamblı çıxış edib. Əməkdar artist Kamran Kərimov (nağara), Zəki Vəliyev (tar), Elnur Mikayılovun (kamança) müşayiəti ilə xanəndə Mirələm Mirələmov xalq və bəstəkar mahnılarını ifa edib.
Rəssam Rövşən Nur soydaşlarımızın həmrəyliyini əks etdirən əsərini çəkib.
***
Bu arada Parisdəki “Galerie Francis Barlier” salonunda təşkil olunan müasir incəsənət sərgisində (“Exposition d’Art Contemporain”) ölkəmiz də təmsil olunub. Sərgidə rəssamlar Əsmər Nərimanbəyova, Rövşən Nur, Sahib Əsədli və Leyla Əliyevanın əl işləri nümayiş olunub.