
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı “CırtdaNino” adlı tamaşanın premyerasına hazırlaşır. Yazıçı Pərvin Nurəliyevanın “Cırtdan” xalq nağılının motivləri əsasında qələmə aldığı pyesin məşqləri yekunlaşmaq üzrədir.
Premyerası 14-15 dekabr tarixlərinə nəzərdə tutulan birhissəli səhnə əsərinin quruluşçu rejissoru Elşad Rəhimzadə, quruluşçu rəssamı Nisə Həsənova, musiqi tərtibatçısı Aygül Quliyeva, rejissor assistenti Sona Məhərrəmovadır. Tamaşanın plastik həlli Ceyhun Dadaşova məxsusdur.
Tamaşada Əməkdar artistlər Şəfəq Əliyeva, Mehriban Abdullayeva, Elnur Hüseynov, aktyorlar Hüseyn Bayramov, Xaliq Bəkirov, Mətləb Abuşov, Anar Seyfullayev, Elgün Yəhyayev, Zümrüd Quliyeva, Aydan Həsənzadə, Ramil Məmmədov, Asya Atakişiyeva, Kərəm Hadızadə, Hökümə Rəhimzadə, Aydın Dəmirov, Müşfiq Əliyev, İlhan Sadıqov, Anar Səfiyev, Araz Pirimov, Mirzə ağa Mirzəyev və Ümman Budaqov iştirak edirlər.
Balaca tamaşaçılar səhnə əsərində Cırtdan və məşhur nağılın digər qəhrəmanları ilə yanaşı, yad planetdən gəlmiş “Nino” adlı robotla da tanış olacaqlar. O, Cırtdanı və onun dostlarını Yer planetindən başqa planetlərə səyahətə aparacaq, fərqli dünyalarla tanış edəcək. Macəralarla dolu səhnə əsəri dostluğa və sülhə səsləyən mesajlarla zəngindir.