Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verdi.
Bildirildi ki, Kiçik Qaladərəsində 66 fərdi ev var. Onlardan 19-u yararsız, 47-si isə qismən yararlıdır. Bu evlərdən artıq 26-sı istismara hazırdır. Gələn il isə 21 ev hazır olacaq. İlkin mərhələdə kəndə 15 ailə (51 nəfər) qayıdıb. Bu ilin sonunadək isə daha 11 ailə (45 nəfər) qayıdacaq.
Kənddə sosial infrastrukturun yaradılması istiqamətində bir sıra işlər görülüb. Yeni qaz və su xətləri çəkilib, artezian quyusu bərpa edilib və hazırda 26 fərdi ev su şəbəkəsinə qoşulub, transformator məntəqəsi quraşdırılıb, elektrik hava xətləri bərpa olunub. Sakinlərin istirahəti üçün park və Bayraq meydanı salınıb, kənddaxili yollar asfaltlanıb.
Qeyd edək ki, Kiçik Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsinə daxildir və rayon mərkəzindən 40 kilometr cənub-qərbdə yerləşir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 2023-cü ildə antiterror əməliyyatı nəticəsində kəndin işğalına son qoyulub.
İşğaldan əvvəl kənd sakinləri əsasən heyvandarlıq, tərəvəzçilik və arıçılıqla məşğul olublar. Kənddə orta məktəb, uşaq bağçası, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi və rabitə şöbəsi fəaliyyət göstərirdi.
Dövlətimizin başçısı kənd sakini Əsəd Əsədovun evində oldu.
***
Sonra Prezident İlham Əliyev kəndə qayıdan sakinlərlə görüşdü.
Prezident İlham Əliyev: Salaməleyküm.
Sakinlər: Salam cənab Prezident, xoş gəlmisiniz.
Yaşlı qadın: Səni verənin başına dönüm. Sənin bu qollarına qurban olum. Ermənini yumruqladın, rədd elədin. Bu yaşımda məni Vətənə gətirmisən.
Prezident İlham Əliyev: Sağ olun, Allah cansağlığı versin, əyləşin.
Yaşlı qadın: 101 yaş istəyirəm səndən.
Prezident İlham Əliyev: 101? Burada bu hava, bu su ki var, inşallah, olacaq. Qohum-əqrəba yanınızdadır. Əsas odur ki, doğma torpağınızdasınız.
Yaşlı qadın: Başına dönüm, sağ ol.
Prezident İlham Əliyev: Necə yaşayırsınız burada?
Yaşlı qadın: Qəşəng.
Prezident İlham Əliyev: Hava özü dərmandır burada, elə deyilmi?
Yaşlı qadın: Elədir. Bu, mənim nəvəmdir.
Prezident İlham Əliyev: Çox gözəl. İnstitutda oxuyursan?
Oğlan: Bakı Mühəndislik Universitetində.
Prezident İlham Əliyev: Yaxşı. Neçə yaşı var qadının?
Qadın sakin: 86.
Prezident İlham Əliyev: 101-ə nə qalıb ki, cəmi 15 il.
Yaşlı qadın: 102 il yaşayacağam.
Prezident İlham Əliyev: 100 olanda gəlib qeyd edəcəyik.
Yaşlı qadın: Allah Səni saxlasın ki, bu camaatı çox rahatlaşdırdın, çox, çox.
Prezident İlham Əliyev: Bəs, işğal dövründə harada yaşayırdınız?
Kişi sakin: Beyləqanda.
Prezident İlham Əliyev: Beyləqanda yaşayırdınız.
Yaşlı qadın: Yox, Beyləqanın böyründə.
Qadın sakin: Baharabad kəndində.
Prezident İlham Əliyev: Orada necə idi şərait?
Yaşlı qadın: Şükür, yaxşı idi. İki oğlum döyüşçü olub o vaxtı, Bakıda olurlar.
Prezident İlham Əliyev: İndi bura cənnət kimi bir yerdir, elə deyilmi?
Qadın sakin: Əlbəttə.
Prezident İlham Əliyev: 100 yaşa da 14 il qalıb.
Yaşlı qadın: Sənə qurban olum. Sənin adına qurban olum.
Prezident İlham Əliyev: İnşallah, birlikdə qeyd edəcəyik. Sizi təbrik edirəm doğma Qarabağ torpağına qayıtmağınız münasibətilə. Sizə cansağlığı arzulayıram, uzun illər siz Vətən həsrəti ilə yaşamısınız müxtəlif yerlərdə. Artıq köçkün həyatı keçmişdə qaldı, indi doğma Qarabağ torpağında qürurla, fəxarətlə yaşayacaqsınız, quracaqsınız, böyüklərə, ağsaqqallara, ağbirçəklərə yaxşı baxacaqsınız. Uşaqlara yaxşı baxacaqsınız.
Yaşlı qadın: Beyləqanın böyrü Baharabad kəndi.
Prezident İlham Əliyev: Baharabad da getdi artıq, qaldı keçmişdə. Keçmişdə qaldı, indi Qaladərəsi kəndi. Qaladərəsi.
Yaşlı qadın: İndi köçmüşəm buraya. Amma o vaxtı burada idim.
Prezident İlham Əliyev: Hə, bilirəm, bilirəm. Burada idiniz, sonra getdiniz. İndi qayıtdınız.
Kişi sakin: Cənab möhtərəm Prezidentimiz, Allah Sizə cansağlığı versin. Allah Sizi qorusun, Allah övladlarınızı qorusun, Allah Ordumuzu qorusun.
Prezident İlham Əliyev: Sağ olun.
Kişi sakin: Şəhidlərimizə Allah rəhmət eləsin.
Prezident İlham Əliyev: Allah rəhmət eləsin.
Kişi sakin: Qazilərimizə Allah şəfa versin. Çox sağ olun, sayənizdə, Ordumuzun sayəsində cənnətdəyik. Gətirdiniz bizi cənnətə. Allah Sizi qorusun.
Qadın sakin: Allah cansağlığı versin.
Prezident İlham Əliyev: Doğma torpaqdır, iki həftə bundan əvvəl Silahlı Qüvvələr Gününü biz qeyd etmişik. Şanlı Ordumuz həm İkinci Qarabağ müharibəsində, həm antiterror əməliyyatında böyük qəhrəmanlıq göstərmişdir, Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Kişi sakin: Amin, cənab Prezidentimiz.
Prezident İlham Əliyev: Qaladərəsi kəndi 3 il bundan əvvəl - 2023-cü ilin sentyabr ayında azad edildi. İkinci Qarabağ müharibəsindən antiterror əməliyyatına qədər olan dövr ərzində əminəm ki, o vaxt hələ işğal altında qalmış ərazilərdə yaşamış insanlar da ümid edirdilər ki, gün gələcək biz bu torpaqlara qayıdacağıq.
Kişi sakin: Sizi gözləyirdik, televizorda Sizi gözləyirdik. Sizdən başqa kimimiz var?!
Qadın sakin: Ümumiyyətlə, Sizin kimi dahi şəxsiyyətlə eyni əsrdə yaşamaq böyük qürurdur.
Prezident İlham Əliyev: Çox sağ olun qızım, çox sağ olun. Təbrik edirəm sizi. Burada xoşbəxt yaşayın, təbrik edirəm.
Digər qadın sakin: Şadam ki, bu gün Sizinlə görüşürəm. Çox arzusunda olmuşam.
Prezident İlham Əliyev: Siz harada yaşamısınız, işğal dövründə harada məskunlaşmışdınız?
Digər qadın sakin: Xırdalanda. Şükür, Allah Sizə dəyməsin, Allah Ordumuzu qorusun, Allah şəhidlərimizə rəhmət eləsin.
Qadın sakin: Mən buradan çıxanda yaşyarımlıq idim, indi 37 yaşım var, öz Vətənimdəyəm və şadam ki, öz Şuşamdayam. İnşallah, burada davam edəcəyik, Sizi də burada görməyimizə çox şadıq.
Prezident İlham Əliyev: Əlbəttə, indi Azərbaycanın hər bir tərəfi hər birimiz üçün Vətəndir, Amma doğma Vətən ayrı bir şeydir.
Kişi sakin: Çox sağ olun, Mehriban xanıma da salamlarımızı çatdırın.
Prezident İlham Əliyev: Sağ olun, mütləq çatdıraram. Onun da sizə salamları var.
Kişi sakin: Allah övladlarınızı qorusun.
Prezident İlham Əliyev: Hər zaman bilməliyik ki, gec-tez ədalət öz yerini tutacaq. Sadəcə olaraq, iradə lazımdır, güc lazımdır, birlik lazımdır. Xalqımız bütün bu ülvi xüsusiyyətlərini nümayiş etdirdi.
Digər qadın sakin: Yumruq da ləzzət edirdi.
Prezident İlham Əliyev: Yumruq da lazımdır.
Digər qadın sakin: Qadan alaram.
Prezident İlham Əliyev: Ümid edirəm ki, yumruq dövrü daha olmayacaq.
Digər qadın sakin: Sağ olun. Bütün Azərbaycan Sizin arxanızdadır.
Prezident İlham Əliyev: Amma əgər kimsə Azərbaycana xor gözlə baxsa, yenə də yumruq yerində olacaq.
Kişi sakin: Allah Heydər Əliyevə rəhmət eləsin. Allah canınızı sağ eləsin.
Prezident İlham Əliyev: Allah rəhmət eləsin.
Digər qadın sakin: Allah şəhidlərimizə rəhmət eləsin, onların sayəsində buradayıq. Anaları haqlarını halal eləsin. Amin. Qarşılarında baş əyirik şəhid analarımızın, Allah səbir versin.
Prezident İlham Əliyev: Bəli, amin.
Kişi sakin: Dünyalar qədər Sizə təşəkkürümüz var. Sözlə çatdıra bilmirik.
Prezident İlham Əliyev: Sağ olun. Siz indi Xırdalandan, - hər halda böyük şəhərdir, - gəlmisiniz, burada darıxmırsınız ki?
Sakinlər: Yox, hər şey gözəldir.
Kişi sakin: Cənab Prezident, biz bu 35 ildə həsrətlə yaşamışıq, indi doğma yurdumuzdayıq, çox sağ olun. Sizin bugünkü gəlişiniz də tamam başqa bir hədiyyə oldu bizə. Çox sağ olun.
Qadın sakin: Cavan idim, komsomolçu idim, atanız tez-tez Şuşaya gələrdi. Onu görəndə hamımız həvəslə qarşısına qaçardıq. Elə bu saniyə onu xatırladım. Allah rəhmət eləsin. Onun da davamçısı Sizsiniz, həmişə Sizin arxanızdayıq. Çox sağ olun. Heydər baba bizim də babamızdır.
Prezident İlham Əliyev: Sağ olun, Allah rəhmət eləsin. Bəli, o da rəhmətə gedəndə bilirsiniz, vəsiyyət etmişdi, onun vəsiyyətini yerinə yetirdik, ədaləti bərpa etdik.
Digər qadın sakin: Onun vəsiyyətini yerinə yetirdiniz, çox sağ olun. Allah Sizə ömür versin.
Prezident İlham Əliyev: Görürsən, Gülər qızımız da əl çalır.
Kişi sakin: Heydər Əliyev tapşırıq verib, komandan kimi tapşırıq verib, tapşırıq da yerinə yetirilib. Çox sağ olun.
Prezident İlham Əliyev: Elədir.
Kişi sakin: Sizin yanınızdayıq, “Dəmir yumruğ”un yanındayıq həmişə.
Prezident İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb yaxın keçmişdə. Qələbəmizin əsas səbəbi də budur. Yumruq həm də birliyin, gücün rəmzidir. Hər ikisini də biz nümayiş etdirdik.
Kişi sakin: Sərkərdə yerindədir cənab Prezident, o yumruq da yerindədir, sağ olun, Allah Sizi qorusun.
Prezident İlham Əliyev: Gəlin, birlikdə şəkil çəkdirək.
***
Sonda xatirə şəkilləri çəkdirildi.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman kəndində olub.
Dövlətimizin başçısına burada Quzeyxırman və Güneyxırman kəndlərində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlər barədə məlumat verilib.
Sonra Prezident İlham Əliyev hər iki kəndə qayıdan sakinlərlə görüşüb.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına Quzeyxırman və Güneyxırman kəndlərində sosial infrastrukturla bağlı görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Güneyxırman Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsində yerləşir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə keçirilən antiterror əməliyyatı nəticəsində kəndin işğalına son qoyulub. İşğaldan əvvəl sakinlər əsasən heyvandarlıq, üzümçülük və əkinçiliklə məşğul olub. Burada 2 məktəb, uşaq bağçası, xəstəxana, mədəniyyət evi, klub, kitabxana, idman kompleksi, çörək istehsalı müəssisəsi və rabitə şöbəsi fəaliyyət göstərib.
Kənddə ümumilikdə 549 fərdi ev var. Onlardan da 170-i yararsız, 379-u qismən yararlıdır. Artıq 50 ev istismara hazırdır, 147 evdə isə təmir işləri davam edir. Digər 182 evin isə təmir-bərpası ilə bağlı hazırlıq işləri gedir.
Bir neçə gün əvvəl kəndə 18 ailə (72 nəfər) qayıdıb.
Kənddə sosial infrastruktur sahəsində bir sıra işlər görülüb, yeni qaz xətti çəkilib, mövcud xətdə isə bərpa işləri aparılıb, subartezian quyularında nasos avadanlıqları quraşdırılıb, nasos stansiyasının tikintisi davam etdirilir. Kənddaxili su şəbəkəsi yenidən qurulub, fiber-optik kabel çəkilib.
***
Quzeyxırman Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. 1992-ci ildə işğal olunan kənd Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib. İşğaldan əvvəl kənd sakinləri üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olublar. Burada orta məktəb, uşaq bağçaları, klub, kitabxana fəaliyyət göstərib.
Quzeyxırman kəndində 447 fərdi ev var. Onlardan da 65-i yararsız, 382-si qismən yararlıdır. 244 evdə təmir-bərpa işləri aparılır və bunlardan da 100-ü artıq istismara hazırdır. Digər 144 evdə görülən işlər növbəti aylarda yekunlaşacaq. Qalan 138 evdə isə təmir-bərpa işlərinə hazırlıq görülür.
Bir neçə gün əvvəl kəndə ilkin mərhələdə 21 ailə (87 nəfər) qayıdıb.
Kənddə sosial infrastrukturun yaradılması istiqamətində bir sıra işlər görülüb. Belə ki, yeni qaz xətləri çəkilib, mövcud xətt bərpa edilib, subartezian quyuları nasos avadanlıqları ilə təchiz olunub, su şəbəkəsi və nasos stansiyası yenidən qurulub. Mövcud transformator məntəqələri, elektrik hava xətləri və kənddaxili elektrik şəbəkəsi bərpa olunub, fiber-optik kabel xətti çəkilib. Bundan başqa, 460 şagird yerlik Quzeyxırman kənd tam orta ümumtəhsil məktəbinin və 40 yerlik körpələr evi-uşaq bağçasının binaları təmir olunub. Kənddə ictimai-iaşə obyektləri istifadəyə verilib.
***
Sonra dövlətimizin başçısı kəndə köçən İsa Gözəlovun evində oldu.
***
Daha sonra Prezident İlham Əliyev hər iki kəndə qayıdan sakinlərlə görüşdü.
Prezident İlham Əliyev: Salam, xoş gördük.
Sakinlər: Çox sağ olun. Allah razı olsun. Allah Sizə ömür versin, cansağlığı versin.
Prezident İlham Əliyev: Sağ olun.
Sakin: Bu həyatı bizə bəxş etdiyiniz üçün Sizə minnətdarıq.
Prezident İlham Əliyev: Çox sağ olun.
Sakin: Allah Sizə uzun ömür versin, cansağlığı versin. Bizi arzumuza çatdırdınız, möhtərəm cənab Prezident.
Prezident İlham Əliyev: Təbrik edirəm, yenidən doğma Qarabağa xoş gəlmisiniz.
Qadın sakin: Allah köməyiniz olsun.
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.
Sakin: Allah canınızı sağ eləsin.
Prezident İlham Əliyev: Sağ olun. Necə yerləşdiniz burada?
Sakinlər: Əla, çox sağ olun. Çox gözəl. Allah canınızı sağ eləsin, sağ olun.
Kişi sakin: Cənab Prezident, Allah Sizdən çox razı olsun. Ulu Öndərimizin siyasətini davam etdirdiniz. Yağı düşmənlərdən torpağımızı azad etdiniz. Allah Sizə cansağlığı versin, ailənizi qorusun, Sizi bizim üzərimizdən əskik etməsin.
Prezident İlham Əliyev: Çox sağ olun.
Kişi sakin: O vaxt Ulu Öndərlə bizim şəklimiz var. Bu, mənəm. Bu da Əliyev. 1994-cü ilin aprel ayında bizimlə birbaşa səngərdə görüşdü, tövsiyələrini verdi. Bütün əsgərlərdə, şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratdı.
Prezident İlham Əliyev: Bəli, bəli. Bu Beyləqan istiqamətidir?
Sakin: Ağdam istiqamətidir.
Prezident İlham Əliyev: 1994-cü il.
Sakin: Ulu Öndərimiz gəlib-qayıdandan sonra biz bir neçə kilometr irəlilədik.
Prezident İlham Əliyev: Tarixi şəkildir.
Sakin: Bəli, bəli. İcazə verin, qolunuza girim, Sizi məndən heç kim almasın.
Prezident İlham Əliyev: Salaməleyküm.
Qadın sakin: Qədəmləriniz mübarək. Xoş gəlmisiniz, qalib xalqın qalib oğlu. Çox xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Çox sağ olun.
Qadın sakin: Mehriban xanıma bizim salamlarımızı çatdırın.
Prezident İlham Əliyev: Mütləq. Onun da sizə salamları var.
Qadın sakin: Allah köməyiniz olsun, Allah Sizi qorusun. Heç vaxt başımızın üstündən əskik olmayasınız. “Dəmir yumruq” yerindədir.
Prezident İlham Əliyev: Həmişə. Xalq da mənim arxamdadır.
Kişi sakin: Çox sağ olun, cənab Prezident. Allah Sizi başımızın üstündən əskik etməsin.
Prezident İlham Əliyev: Çox sağ olun.
Qadın sakin: Çox sağ olun, Allah köməyiniz olsun. Sizin bir əmrinizlə cavanlarımız bu torpağı azad elədi. Çox sağ olun, Allah Sizi var eləsin.
Prezident İlham Əliyev: Elədir, fəxr edirik cavanlarımızla.
Şəhid anası: Allah Səni qorusun, Allah balalarını qorusun. Bizə bu günü yaşatdığına görə çox sağ ol. Biz şəhid analarına göstərdiyin qayğıya görə çox sağ ol.
Prezident İlham Əliyev: Sağ olun. Allah şəhidlərimizə rəhmət eləsin.
Sakinlər: Amin.
Prezident İlham Əliyev: Bu Zəfər günlərinə görə onlara borcluyuq. Onların qanı bahasına bu torpaqlara qayıtdıq.
Qadın sakin: Sağ olun, Allah Səni saxlasın.
Prezident İlham Əliyev: Sən sağ ol.
Kişi sakin: Çox sağ olun, Allah Sizi var eləsin. Xoş gəlmisiniz.
Sakin: Necəsiniz?
Prezident İlham Əliyev: Sağ ol, sən necəsən?
Sakin: Allah Sizi var eləsin.
Prezident İlham Əliyev: Medal hansıdır?
Sakin: Suqovuşan.
Prezident İlham Əliyev: Çətin yer idi, çox təhlükəli.
Sakin: Düzdür, sağ olun, Allah köməyiniz olsun.
Prezident İlham Əliyev: Sağ olun. Mən gəldim sizi təbrik edim. Bilirəm ki, bir neçə gündür doğma Qarabağ torpağına qayıtmısınız uzun fasilədən sonra. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.
Sakinlər: Sağ olun.
Prezident İlham Əliyev: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır, bütün Azərbaycan xalqı üçün bayramdır. İndi elə ay olmur ki, qrup-qrup şəklində keçmiş köçkünlər öz doğma torpaqlarına qayıtmasın. Elə olur ki, hər həftə, hər ay, hər gün. Bundan sonra bu proses daha geniş vüsət alacaq. Çünki bildiyiniz kimi, İkinci Qarabağ müharibəsindən sonra birinci mərhələdə gərək o torpaqları bu minalardan təmizləyəydik, bu işlər hələ davam edir. Erməni millətçiləri, işğalçılar bütün torpaqlarımızı viran qoymuşdur, heç nə yox idi, daş-daş üstündə qalmamışdı. Gərək lazım olan şəraiti yaradaydıq – elektrik olsun, su, qaz, yollar. Ondan sonra evlərin tikintisi, evlərin bərpası.
Bir halda ki, əsas bu yol, nəqliyyat, körpü, qaz, işıq məsələləri öz həllini tapır, keçmiş köçkünlərin qayıdışı da sürətlə gedəcək. Əlbəttə ki, bu ərazilər, Xocavənd rayonunun böyük hissəsi İkinci Qarabağ müharibəsindən sonra hələ də işğal altında idi, o cümlədən bu kəndlər. Ancaq bilirəm siz də bilirdiniz, biz də bilirdik ki, bu, belə qalmayacaq və hər qarış torpaq Azərbaycana qayıdacaq, onları biz qaytaracağıq və qaytardıq da.
Son 5-6 il ərzində xalqımız qürur hissi ilə yaşayır, haqlı olaraq. Biz bütün dünyaya göstərdik ki, böyük xalqıq, öz dədə-baba ənənələrimizə sadiqik. Baxmayaraq ki, uzun illər torpaqlarımız işğal altında idi, insanlarımızın böyük hissəsi qaçqın-köçkün şəraitində yaşayırdı, ancaq bizim iradəmiz sınmadı. İnanırdıq və nəinki inanırdıq, bilirdik ki, gün gələcək və biz bu torpaqlara torpaqların sahibləri kimi qayıdacağıq. Buna nail olmaq üçün əlbəttə ki, bütün xalq birləşməli idi və birləşdi də. İkinci Qarabağ müharibəsi bunu əyani şəkildə bütün dünyaya göstərdi.
Əlbəttə, bu birlik uzun illər ölkəmizi gücləndirirdi və addım-addım, hər gün biz bu şanlı Qələbəyə doğru irəliləyirdik. Hərə öz yerində – kimi təsərrüfat işləri ilə məşğul idi, kimi ordu quruculuğu ilə, kimi uşaqları vətənpərvərlik ruhunda böyüdürdü. Hərə öz yerində bu tarixi günü yaxınlaşdırırdı. Şəhidlərimizin ruhu qarşısında bu gün biz yenə də özümüzə və xalqımıza, dövlətimizə and içməliyik ki, istənilən halda biz öz milli ləyaqətimizi qoruyacağıq. Bundan sonra heç kim heç vaxt bizim xalqımıza zərər vurmayacaq. Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir. İkinci Qarabağ müharibəsi və ondan 3 il sonra antiterror əməliyyatı, bir daha deyirəm, bütün dünyaya xalqımızın nəyə qadir olduğunu göstərdi.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmamışdır, özü də cəmi 44 gün ərzində. İndi dünyada gedən hadisələri hamımız izləyirik. Əfsuslar olsun ki, dünyanın müxtəlif yerlərində münaqişələr, müharibələr alovlanır, dayanmır, davam edir. Bu müharibələrin gedişatına da baxdıqda, hər şey göz qabağındadır və hər şey müqayisə ilə ölçülür. Müqayisə edəndə bir daha görürük ki, 44 gün ərzində belə çətin relyefi nəzərə alaraq, düşmənin 7 müdafiə xəttini nəzərə alaraq, - nəzərə alsaq ki, Ermənistanın arxasında böyük dövlətlər dayanmışdı və bu 44 gün ərzində bizə təzyiqlər, hədələr, təhdidlərlə dolu siqnallar göndərilmişdir, - bütün bunlara rəğmən, bunlara baxmayaraq, biz istədiyimizə nail olduq. Çünki haqq-ədalət bizim tərəfimizdə idi, güclü iradə bizdə idi və Azərbaycan xalqı birləşmişdi. Bax, 44 gün ərzində bir nəfər belə olsun döyüş meydanını tərk etmədi. Amma ermənilər özləri etiraf edirlər, özü də yüksək səviyyədə ki, onların 11-12 min fərarisi olmuşdur. Xalqımızın böyüklüyü budur. Bizim gənclər o müdafiə xətlərini yarmaq üçün sinələrini qabağa verirdilər. Heç düşünmürdülər ki, sağ qalacaqlar, qalmayacaqlar. Bir daha deyirəm, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onları irəliyə aparan milli ruh idi, ləyaqət idi. Qarabağı işğalçılardan azad edənlərin mütləq əksəriyyəti bu torpaqları heç vaxt görməmişdi. Dünyaya gözlərini açanda artıq bu torpaqlar işğal altında idi. Ancaq cəmiyyətdə və xalqımızda Qarabağ ağrısı o qədər ağır idi, bu yaramız o qədər bizi incidirdi ki, hər bir vətənpərvər insan bir amalla yaşayırdı, bizim Qələbəmizə öz töhfəsini versin.
Bu gün artıq şanlı Zəfərimizdən təxminən 6 il keçir, biz bu torpaqları, bu əraziləri bərpa edirik. Ermənistan dövləti bizim torpaqlarımızı talan edib, viran qoyub. Biz isə qurub-yaradırıq, şəhərlər, kəndlər dirçəlir. Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və bu gözəl inkişafı görəndə, əlbəttə ki, ürəyim sevinir. Bir daha əmin oluram ki, biz nə qədər böyük xalqıq, qurub-yaradan xalqıq. Bu torpaqların sahibləri bizik, bütün dünya bunu artıq nəinki bilir, hətta qəbul edir. Bəziləri istəməsələr belə, bunu qəbul etməyə məcburdurlar, çünki biz öz həqiqətlərimizi onlara qəbul etdirmişik.
Bu gün azad edilmiş torpaqlarda 90 mindən çox insan yaşayır, çalışır, təhsil alır və hər ay onların sayı artır və artacaq. Sizin üçün də dövlət gözəl evlər tikib, bərpa edib. Burada bütün şərait var. Təbiəti gözəl, havası təmiz, suyu bol, torpağı münbit. Sadəcə, sizə cansağlığı arzulayıram ki, xoşbəxt yaşayasınız. Dərd-bəla olmasın bundan sonra, uşaqları yaxşı böyüdəsiniz, vətənpərvərlik ruhunda. Azərbaycan xalqına, dövlətinə ürəklərində sevgi ilə böyüsünlər. Lazım olanda, - inanıram ki, daha lazım olmayacaq, - amma lazım olanda hamı bilməlidir ki, “Dəmir yumruq” yerindədir və yerində olacaq.
Gəlin, şəkil çəkdirək.
***
Sonra xatirə şəkilləri çəkdirilir.



























