Xəbər verdiyimiz kimi, Müstəqil Dövlətlər Birliyi (MDB) Parlamentlərarası Assambleyasının təsis etdiyi Çingiz Aytmatov adına mükafata bu il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə layiq görülüb.
Noyabrın 22-də Rusiyanın Sankt-Peterburq şəhərində MDB PA-nın toplantısında mükafatın təqdimatı keçirilib.
Mehriban Ələkbərzadə mükafata Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının səhnələşdirilməsinə görə layiq görülüb.
Mükafatı Qırğız Respublikasının parlamenti – Joqorku Keneşin sədri Nurlanbek Şakiyev və MDB PA Şurasının sədri, Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko təqdim ediblər.
Nurlanbek Şakiyev qeyd edib ki, bu mükafat Mehriban Ələkbərzadənin xidmətlərinin, ədəbiyyatın inkişafına, mədəniyyətlərin yaxınlaşmasına verdiyi töhfənin təzahürüdür. O deyib: “Çingiz Aytmatov bizim fəxr etdiyimiz ədib, qırğız xalqının böyük oğludur. Onun əsərləri müxtəlif mədəniyyətlərə, millətlərə yaxındır, hamımızı birləşdirir. Çingiz Aytmatov bizim ümumi sərvətimiz, ortaq qürurumuzdur, hamımızı sıx bağlayır, bizi həmfikir edir”.
Qırğızıstan parlamentinin sədri vurğulayıb ki, bu mükafatın təsis edilməsi xalqları öz əsərləri ilə birləşdirən böyük ədibin xatirəsinə ehtiramın göstəricisidir: “Əminəm ki, bu ənənə MDB iştirakçısı olan dövlətlərin mədəni və humanitar potensialının qorunub saxlanılmasına və daha da inkişafına töhfə verəcək”.
Mehriban Ələkbərzadə deyib: “Çox şadam ki, mənim sevimli yazıçım və filosof, ümumbəşəri miqyaslı müəllif Çingiz Aytmatovun adına mükafata layiq görüldüm. Onun yaradıcılığı milli koloriti və ümumbəşəri dəyərləri heyrətamiz şəkildə birləşdirir. Qırğız xalqı bizə və bütün dünyaya belə nadir, fenomenal yazıçı və mütəfəkkir bəxş edib”.
Qeyd edək ki, MDB PA-nın Çingiz Aytmatov adına mükafatı 2012-ci ildə Qırğız Respublikası parlamentinin təşəbbüsü ilə təsis edilib və ədəbiyyat sahəsində nailiyyətlərə, çoxşaxəli ədəbi fəaliyyətə görə verilir. Mükafata ilk dəfə (2013) rusiyalı yazıçı-dramaturq Yuri Polyakov layiq görülüb. 2014-cü ildə MDB PA-nın Çingiz Aytmatov adına mükafatı Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara verilib.