Daşkənddəki sərgidə ölkəmiz də təmsil olunub

 

Azərbaycan Turizm Bürosu yerli turizm tərəfdaşları ilə birgə 21–23 noyabr tarixlərində keçirilən Daşkənd Beynəlxalq Turizm Sərgisində (TITF) iştirak edib. Sərgi “İpək Yolu üzərində turizm” mövzusuna həsr olunub.

Dövlət Turizm Agentliyindən bildirilib ki, ölkəmizi milli stenddə “Azərbaycan Hava Yolları” QSC və “Şahdağ” Turizm Mərkəzi ilə birlikdə ümumilikdə 9 turizm sənayesi tərəfdaşı təmsil edib.

Stend ziyarətçilərinə Azərbaycanın tarixi, mədəni irsi, milli mətbəxi, dağ-xizək kurortları, şərabçılıq ənənələri, sağlamlıq və geniş qış turizmi imkanları barədə ətraflı məlumat verilib. Xarici turizm təmsilçiləri ilə B2B formatında işgüzar görüşlər təşkil olunub.

Sərgi çərçivəsində “Şahdağ” Turizm Mərkəzinin üzv olduğu Avrasiya Dağ Kurortları Alyansının nümayəndələrinin iştirakı keçirilən tədbirdə kompleksin qış turizm imkanları, yeni layihələr keçirilməsi nəzərdə tutulan beynəlxalq yarışlar haqqında ətraflı məlumat verilib.

TITF Özbəkistan və Mərkəzi Asiya regionunda turizm sənayesinin əlamətdar tədbirlərindən biri hesab olunur.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr ayları ərzində Özbəkistandan Azərbaycana səfər edənlərin sayı 37 min 536 nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19 faiz çoxdur.