Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “İnstagram” və “Facebook” səhifələrində “Mənim sevimli kitabxanam” adlı müsabiqə elan edib.

İdarədən bildirilib ki, hər kəs öz evindəki kitab guşəsinin şəklini çəkib kitabxanaya göndərə bilər. Ən çox rəy toplayan kitab guşəsinin sahibi günün qalibi olacaq və həmin şəxsə kitabxana tərəfindən kitab hədiyyə olunacaq.

***

Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli filialı Azərbaycanın qədim memarlıq abidələri haqqında virtual fotosərgilər hazırlayır. Növbəti virtual fotosərgi Naxçıvandakı Möminə xatın türbəsindən bəhs edir.

Memar Əcəminin şah əsəri olan türbənin hündürlüyü vaxtilə təqribən 35 metrə qədər olub. Lakin zəmanəmizədək gəlib çatan hissəsi 26 metrdir. Möminə xatın türbəsi iki – yeraltı və yerüstü hissədən ibarətdir. Azərbaycan memarlığının ən unikal abidələrindən olan Möminə xatın türbəsi “Naxçıvan məqbərələri” tərkibində 1998-ci ildən UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan maddi mədəni irsin ilkin siyahısına daxil edilib.

***

Yasamal rayon MKS-nin keçirdiyi layihə çərçivəsində “Yazıçı və şairlər koronavirusla mübarizə edir” aksiyasına qoşulan müəlliflər öz əsərlərini təqdim edirlər. Kitabxanadan bildirilib ki, aksiyaya qoşulan qocaman şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, professor Şahin Fazil oxucuların görüşünə “Darıxıb yazdığım qəzəl”i ilə gəlib.