
AMEA-nın Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin onlayn iclası keçirilib. İclasda karantin rejimi dövründə davam etdirilən tədqiqatlar, plan işlərinin yerinə yetirilməsinin vəziyyəti müzakirə edilib.
Şöbə müdiri, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyev qeyd edib ki, əməkdaşların apardığı elmi tədqiqatlar daha çox kollektiv iş səciyyəsi daşıyır. Ötən illərdə “Folklor və yazılı ədəbiyyat” kitabının 2 cildi hazırlanıb və nəşr edilib. Əməkdaşların cari ildə apardıqları tədqiqat işləri də folklor və yazılı ədəbiyyatın qarşılıqlı əlaqələri ilə bağlıdır.
Sonra şöbə əməkdaşları gördükləri işlər barədə məlumat veriblər.
İclasda “Möcüzəli doğuluş motivi (Oğuz və Kelt folkloru əsasında)”, “Bədii əsərin süjet quruluşunda magik obrazlar” və “Azərbaycan və qırğız nəsrində mifoloji motivlərdən istifadənin forma və üsulları” adlı tədqiqatlarda əldə edilən materiallardan, onların ümumiləşdirilməsindən, ilkin nəticə kimi meydana çıxan tezislərdən danışılıb.
Qeyd edilib ki, “Almas İldırım yaradıcılığının folklor qaynaqları”, “Məmməd İsmayıl və folklor”, “Əli Kərim yaradıcılığında folklor motivləri” və “Folklorun Musa Yaqub yaradıcılığının poetikasına təsiri” mövzusunda tədqiqatlar müasir elmi-nəzəri tələblərə cavab vermək səviyyəsindədir. Eyni zamanda həmin araşdırmalar Azərbaycan poeziyasının folklorla əlaqələrinin tarixi barədə müəyyən qənaətlər əldə etməyə imkan verəcək.
İclasda həmçinin “Əzizə Cəfərzadə və folklor”, “Çağdaş Azərbaycan nəsrində mifologizm” monoqrafiyalarının çapa göndərilməsi məqsədəmüvafiq hesab edilib.