Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18  may tarixindən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qismi yumşaldılıb. O cümlədən Dənizkənarı Milli Parka girişə qoyulan məhdudiyyət də aradan qaldırılıb.

Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, əraziyə giriş sərbəstdir. Operativ Qərargahın tələblərinə uyğun olaraq insanlar ərazidə gəzərkən 1,5 metrlik məsafəni qorumalıdır. Ərazidə 10 nəfərdən artıq olmamaq şərti ilə gəzmək mümkündür. Dənizkənarı Milli Parkda kafe və restoranlar Operativ Qərargahın təlimatına uyğun olaraq səhər saat 08:00-dan axşam 18:00-dək fəaliyyət göstərəcək.

Parkinqlər – maşın dayanacaqları da fəaliyyətini bərpa edib. Gəzinti gəmiləri, qatarlar, attraksionlar və idman qurğuları isə fəaliyyət göstərməyəcək. Onların fəaliyyətinə qoyulan məhdudiyyət hələ ki aradan qaldırılmayıb.