Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 19-na olan məlumatına görə, Azərbaycanda koronavirus infeksiyasına 131 yeni yoluxma faktı qeydə alınıb, 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVİD-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1949-cu il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 3518 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2198 nəfər müalicə olunaraq sağalıb, 41 nəfər vəfat edib. 1279 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 59 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 240 220 test aparılıb.

Qeyd edək ki, son bir həftə ərzində koronavirusa gündəlik yoluxma 100 nəfərdən yuxarı olub. 14 mayda 121 nəfərin, mayın 15-də 101, 16 mayda 158, 17 mayda 136, 18 mayda 113 nəfərin koronavirusa yoluxması qeydə alınıb.