
Türkiyə isə bayramı evdə keçirəcək
Ukraynada Ramazan bayramının dövlət dini bayramı kimi qeyd edilməsi üçün yaxın günlərdə fərman imzalanacaq.
Bu barədə Prezident Vladimir Zelenski Krım tatarlarının nümayəndələri ilə görüşündə məlumat verib. Prezidentin sözlərinə görə, həmçinin Kiyevdə yeni məscidin tikintisinə göstəriş veriləcək. “Bununla bağlı Krım tatarlarından layihələndirməni gözləyirəm”, – deyə o əlavə edib.
V.Zelenski vurğulayıb ki, Krım tatarları Ukraynanın yüksək siyasi vəzifələrində yer tutmalıdır. O, Əminə Cabbarovanın Ukrayna Xarici İşlər nazirinin birinci müavini vəzifəsinə təyin olunması barədə razılıq verib.
Türkiyədə isə həftə sonları və bayram günlərində elan edilən karantin rejimi Ramazan bayramında da tətbiq olunacaq. Bununla əlaqədar ölkənin Daxili İşlər Nazirliyi 81 vilayətə sərəncam göndərib.
Sənəddə qeyd olunub ki, yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə bağlı bu dəfə sərt karantin dörd gün sürəcək. 2 gün həftəsonu və 2 gün də Ramazan bayramı daxil olmaqla, 23-26 may tarixində sakinlərə evdən çıxmaq qadağan edilir. Mayın 23-də saat 17:00-dək marketlər açıq olacaq, mayın 24-26-da isə yalnız çörək və un məmulatları satan mağazalar işləyəcək. Bununla yanaşı, apteklər də açıq olacaq.
CAVİD