
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda koronavirus pandemiyasına qarşı ciddi mübarizə aparılır. Görülən işlər beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir və ölkəmiz dünyada nümunə kimi göstərilir. Azərbaycan milli səviyyədə əldə etdiyi nailiyyətlərin davamı olaraq, qlobal səviyyədə gedən prosesləri də yaxından dəstəkləyir və COVİD-19 virusuna qarşı mübarizədə də təşəbbüskar bir dövlət olaraq çıxış edir.
Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mayın 13-də Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı keçirilən brifinqində bildirib.
O diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da və mayın 4-də iki mötəbər toplantı – Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkətının onlayn zirvə görüşləri keçirildi. Bütün bunlar Azərbaycan Respublikası tərəfindən qlobal həmrəyliyə, əməkdaşlığa verilən töhfələrdir.
Prezidentin köməkçisi bildirib ki, Azərbaycan koronavirusla mübarizədə bir sıra ölkələrə maddi və humanitar yardımlar göstərib və bu proses davam edir. Ötən müddətdə ölkəmiz tərəfindən Macarıstan, Pakistan, Bosniya və Herseqovina, Tacikistan, Qırğızıstan və digər ölkələrə maddi və humanitar yardımlar göstərilib. Hazırda Serbiyaya və fələstinli qaçqınlara da yardımların göstərilməsi istiqamətində işlər aparılır. Bütün bunlar Azərbaycanın koronavirusla mübarizəyə beynəlxalq səviyyədə göstərdiyi mühüm dəstəkdir.
Brifinqdə pandemiya başlayandan bəri müxtəlif ölkələrdən vətəndaşlarımızın Azərbaycana gətirilməsindən də söz açılıb. Qeyd olunub ki, ümumilikdə indiyə qədər xaricdə olan 20 minə yaxın vətəndaş ölkəyə gətirilib. Bu istiqamətdə tədbirlər davam etdirilir. “Evə gedirəm” portalına müraciət edən 540-dan çox Azərbaycan vətəndaşının Rusiyadan gətirilməsi təmin edilib. Mayın 18-31-də MDB və Avropa ölkələrindən azərbaycanlıların gətirilməsi üçün çarter reysləri həyata keçiriləcək.