
İCESCO-nun baş direktoru: “Azərbaycan regional səviyyədə öz liderlik qabiliyyətini açıq şəkildə nümayiş etdirib”
Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) təşəbbüsü ilə “Hökumətlər tərəfindən COVİD-19-a qarşı görülən çevik tədbirlər” mövzusunda qlobal veb-forum işə başlayıb.
Forumun məqsədi pandemiya dövründə dövlət xidmətlərinin göstərilməsi sahəsində effektivliyi, əlçatanlığı, eyni zamanda pandemiya ilə mübarizə kontekstində və ondan sonrakı dövrdə sosial innovasiyaların, smart həllərin əvəzedilməz rolunu müzakirə etmək, təcrübə mübadiləsi aparmaqdır. İkigünlük veb-forumda müxtəlif dövlətlərin, beynəlxalq təşkilatların və şirkətlərin rəhbər şəxsləri, nazirlər, tanınmış ekspertlər iştirak edir.
Forumun açılış sessiyasının natiqləri İCESCO-nun baş direktoru Salim Al-Malik, Dünya İqtisadi Forumunun prezidenti Borge Brende, Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) rəhbərinin müavini Luk Devigne, BMT İnkişaf Proqramının Astana Hub Dövlət Xidmətləri Mərkəzi İdarəetmə Komitəsinin sədri Alixan Baymenov, Afrika Birləşmiş Şəhərlər və Yerli İdarəetmə Təşkilatının (UCLG) baş katibi Jan Pyer Elonq Mbassi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev olublar. Moderatorluğu isə məşhur jurnalist, futuroloq İan Xan həyata keçirib.
Ülvi Mehdiyev çıxışında COVİD-19-la mübarizədə birgə səylərin vacibliyini vurğulayıb. O diqqətə çatdırıb ki, ölkə başçısının rəhbərliyi ilə bu istiqamətdə bütün zəruri, təcili tədbirlər həyata keçirilib və nəticədə Azərbaycan pandemiyadan ən az zərər çəkənlər sırasındadır.
İCESCO-nun baş direktoru pandemiya ilə mübarizədə müasir informasiya texnologiyaları vasitəsilə əlaqələndirilmiş beynəlxalq əməkdaşlığın, mədəni dəyərlərin və təhsilin qorunmasının vacibliyini vurğulayıb.
Salim Al-Malik bildirib ki, Azərbaycan regional səviyyədə öz liderlik qabiliyyətini açıq şəkildə nümayiş etdirib və analoqu olmayan bu cür böhranda adekvat bir çıxış yolu tapmaq baxımından böyük addımlar atıb. Onun sözlərinə görə, forum dövlət xidmətlərinin, eyni zamanda hökumətin fərqli mexanizmləri və alətlərini müzakirə etmək baxımından çox faydalı platformadır. O diqqətə çatdırıb ki, İCESCO rəhbəri kimi bütün üzv dövlətlərə müraciət edərək COVİD-19-a qarşı mübarizə sahəsində resursları səfərbər etməyə çağırıb.
“Bu qlobal pandemiya daha böyük miqyas ala bilər. Biz üzv dövlətlərlə işləməklə tədbirlərimizin doğru şəkildə uzlaşmasını təmin etmək istərdik. Hökumətlər güclü və ciddi şəkildə həm yerli, həm də beynəlxalq səviyyədə tərəfdaşlarla əməkdaşlıq etməlidir. Eyni zamanda kritik vəziyyətdə xüsusən maliyyə və təhsil sahəsinə, qadın, uşaq, yaşlılara, ən həssas qruplara daha çox prioritet vermək lazımdır”, – deyə o əlavə edib.
Baş direktor qeyd edib ki, beynəlxalq tərəfdaşlarla işləməklə bu böhrana cavab vermək mümkündür: “Baxmayaraq ki, qloballaşma mövcuddur, dövlətlər beynəlxalq səviyyədə bütün tərəfdaşlarla işləməlidir. COVİD-19-a qarşı peyvəndin hazırlanması istiqamətində biz artıq lazım olan maliyyə dəstəyini də ayırdıq. Eyni zamanda pandemiyadan əsas ziyan görən ölkələrlə bağlı rəqəmsal fərdi proqramlar hazırladıq”.
Qeyd edək ki, mayın 15-də davam edən veb-forumda panel müzakirələr pandemiya dövründə dövlət xidmətlərinin göstərilməsi, bu sahədə sosial innovasiyalar, müvafiq dövrdə logistik problemlər və həlləri, habelə postpandemiya dövründə fəaliyyətin ümumi strategiyası və perspektivləri kimi aktual məsələlərə həsr olunub.