
Açılışda çıxış edən qalereyanın rəhbəri və təşkilatçı Lalə Kazımova incəsənət məkanının fəaliyyətindən söz açdı. Bildirdi ki, bu gün təsviri sənət növləri sırasında kukla sənəti dünya mədəni irs nümunəsi kimi geniş yayılıb. Kukla sənəti üzrə məşhur ustaların əl işləri dünyanın nüfuzlu muzey və qalereyalarında nümayiş etdirilir. Ölkəmizdə də bu sənət növünün qədim tarixi var. Tarixin müəyyən dövründə o, ayin, oyun və teatr kuklasından bədii kuklaya çevrilərək, digər sənət növləri arasında layiqli yerini tutur.
Qeyd olundu ki, paytaxtımızda açılan “Kukla” art qalereyasının əsas vəzifəsi Azərbaycan və xarici ölkə tamaşaçılarını kukla sənəti sahəsində çağdaş bədii proseslərlə tanış etməkdir. Bu sahədə kompleks tədbirlərə beynəlxalq və fərdi sərgilərin təşkili, ən yaxşı Avropa və yerli sənət ustalarının ekspozisiya mübadiləsi, profilli müəllif layihələrinin işlənilməsi, müsabiqə və ustad dərslərinin keçirilməsi daxildir. Bütün bu tədbirlər kukla sənəti üzrə ustalarımıza öz peşəkarlıqlarını artırmağa, təkmilləşdirməyə və işlərinin dünyanın ən yaxşı sərgi meydançalarında layiqincə təqdim olunmasına imkan yaradacaq. Cənubi Qafqazda ilk dəfə Bakıda fəaliyyətə başlayan “Kukla” art qalereyası, bu sənət növünün inkişafına güclü impuls olmaqla yanaşı, şəhərimizin əhalisi və qonaqları üçün sevimli ziyarət məkanına çevriləcək.

Qalereyanın giriş lövhəsinin yaradılması üçün Bakıya tanınmış rus rəssamı, art-mexanizm üzrə mütəxəssis Viktor Qriqoryev dəvət olunub. “Kukla” incəsənət qalereyası Yusuf Məmmədəliyev küçəsi 14 ünvanında yerləşir.
Ceyhun