Azərbaycanın zəngin mədəniyyətini, qədim tarixini və mənəvi irsini, eləcə də çağdaş nailiyyətlərini müxtəlif dillərdə dünyada təbliğ edən “İRS” beynəlxalq jurnalının suahili dilində ilk nömrəsi nəşr olunub.

Nəşr Azərbaycan həqiqətlərinin suahili dilinin yayıldığı Şərqi Afrika regionunda geniş auditoriyaya çatdırılması məqsədini daşıyır.

Jurnalın baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Musa Mərcanlının ilk buraxılışdakı "Ön söz”ündə nəşrin indiyədək 21 müxtəlif dildə uğurla işıq üzü gördüyü, suahili dilindəki bu buraxılışın isə Afrika qitəsi üzrə mühüm regional layihələrdən biri olduğu vurğulanır. Baş redaktor oxuculara Azərbaycanın coğrafi mövqeyi, keçdiyi inkişaf yolu, ərazilərinin işğaldan azad edilməsi və hazırda həmin torpaqlarda aparılan böyük yenidənqurma işləri barədə ətraflı məlumat verir. 

Jurnalın suahili dilində ilk nömrəsinin əsas məqalələri WUF13 və Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunub, o cümlədən Şərqi Afrika regionu üçün mühüm əhəmiyyət kəsb edən mövzulara geniş yer ayrılıb.

Keniya Respublikasının torpaq, ictimai işlər, mənzil və şəhərsalma naziri Alis Vahomenin (Alice Wahome) müəllifi olduğu məqalə oxucuların diqqətinə təqdim edilib. Nazir məqalədə Keniyanın Bakıda keçirilən Dünya Şəhərsalma Forumunda (WUF13) Prezident Uilyam Rutonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmasını, Keniyanın əlçatan mənzil təminatı və dayanıqlı şəhərsalma sahəsindəki qlobal təcrübəsini yüksək qiymətləndirib. 

Azərbaycan Respublikasının Keniya və Konqodakı səfiri, BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) yanında daimi nümayəndəsi Sultan Hacıyevin iki ölkə arasında diplomatik münasibətlərin 20 illiyinə və inkişaf perspektivlərinə həsr olunmuş analitik məqaləsi də jurnalda dərc olunub. Məqalədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Keniya Prezidenti Uilyam Ruto arasında Nyu-Yorkda keçirilən yüksək səviyyəli görüş, Bakının ev sahibliyi etdiyi COP29 qlobal iqlim sammitində Keniyanın yüksək səviyyədə təmsil olunması və ADA Universiteti ilə Keniya Xarici İşlər Nazirliyinin Xarici Xidmət Akademiyası arasında imzalanmış əməkdaşlıq sənədləri xüsusi qeyd olunur.

Bundan başqa, jurnalın “Dəyərlərimiz” və “Memarlıq” bölmələrində ölkəmizdəki tolerantlıq modelinə həsr olunmuş yazı, dünyaşöhrətli memar Zaha Hadidin şah əsərlərindən olan Heydər Əliyev Mərkəzi, Bakının tarixi İçərişəhəri və paytaxt memarlığındakı "Art Nouveau" üslubunun inciləri barədə rəngarəng fotoreportajlar və elmi-kütləvi materiallar suahili dilində oxuculara təqdim edilib.

Üz qabığında Bakının müasir rəmzlərindən olan "Alov Qüllələri"nin təsvir olunduğu jurnalın bu debüt buraxılışı Azərbaycan ilə Şərqi Afrika ölkələri arasında mədəni-humanitar körpülərin qurulmasına mühüm töhfədir.

Əlavə edək ki, suahili dili Şərqi Afrikada təxminən 200 milyon insanın danışdığı ən böyük bantu dillərindən biridir. Tanzaniya, Keniya, Uqanda və ətraf ölkələrdə istifadə olunur.