Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) görkəmli Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaninin (1835–1888) anadan olmasının 190 illiyi münasibətilə “Aləmdə səsim var mənim” adlı ədəbi-bədii tədbir keçirilib.
Universitetin rektoru İlham Mədətov açılış nitqində Seyid Əzim Şirvaninin Azərbaycan ədəbiyyatındakı əvəzsiz rolundan bəhs edib. Bildirib ki, Seyid Əzim Şirvani təkcə klassik poeziyamızın görkəmli nümayəndəsi deyil, eyni zamanda maarifçilik ideyalarının carçısı, milli düşüncənin formalaşmasında mühüm rol oynamış şəxsiyyətdir. Onun yaradıcılıq irsi bu gün də aktuallığını qoruyur, gənc nəslin mənəvi dəyərlər və milli kimlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıyır. Rektor belə tədbirlərin keçirilməsinin tələbələrin ədəbiyyata, milli-mənəvi irsə marağının artırılmasına xidmət etdiyini bildirib və tədbirin təşkilində əməyi olan müəllim və tələbələrə təşəkkür edib.
Dillər kafedrasının baş müəllimi Almaz Zöhrabova “S.Ə.Şirvani yaradıcılığının əsas xüsusiyyətləri”, kafedranın müəllimi, filologiya üzrə elmlər doktoru, dosent Ağaverdi Xəlilov “Seyid Əzim Şirvani şeirlərinin üslub xüsusiyyətləri” mövzularında elmi çıxışlar ediblər.
Tələbələr “S.Ə.Şirvaninin həyatı və yaradıcılığı” mövzusunda məruzə ilə çıxış ediblər.
Daha sonra şairin “Mənim”, “Bəri bax”, “Neylirəm, gülizarı kim”, “Necə həmtay tutum” və “Mən eylə bilirdim ki” qəzəlləri tələbələr tərəfindən qiraət edilib.
Tədbir Seyid Əzim Şirvaninin sözlərinə yazılmış “Yada saldıqda səni” mahnısının səsləndirilməsi ilə başa çatıb.





















