Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov mütəmadi olaraq müxtəlif ölkələrin mötəbər səhnələrində çıxış edir.
Dünyaca məşhur tenor dekabrın 15-də London Kral Balet və Opera Teatrında (Royal Ballet and Opera) C.Puççininin “Turandot” operasının tamaşasında səhnəyə çıxıb.
Möhtəşəm heyətlə təqdim olunan operada Yusif Eyvazov Kalaf obrazını, məşhur soprano Anna Netrebko isə şahzadə Turandotu canlandırıb.
Azərbaycanlı vokal ustası, həmişə olduğu kimi, sənətsevərlərin sürəkli alqışlarını qazanıb.
Qeyd edək ki, “Turandot” operası 18, 20 və 23 dekabr tarixlərində də London səhnəsində nümayiş olunacaq.
Yusif Eyvazovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppası isə yanvar ayında Omana qastrola hazırlaşır. Yaradıcı heyət Maskat Kral Opera Evində (Royal Opera House Muscat) C.Puççininin “Toska” operasını təqdim edəcək.























