Milli Kitabxanada sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının müdafiəsinin təbliği məqsədilə “3 dekabr – Beynəlxalq Əlillər Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub.
Sərgidə əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, reabilitasiyası və sosial müdafiəsi, əlilliyin qarşısının alınması, xüsusi qayğıya ehtiyacı olan əhali qruplarının məşğulluğu və digər mövzulara dair dövri mətbuatda dərc olunmuş məqalələr, monoqrafiyalar, qanunvericilik aktları, Azərbaycan və xarici dillərdə nəşrlər, həmçinin fotomateriallar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.
***
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası da 3 dekabr – Beynəlxalq Əlillər Gününə həsr olunmuş virtual kitab sərgisi hazırlayıb.
Kitabxanadan bildirilib ki, sərgidə BMT Baş Assambleyasının 1992-ci il 14 oktyabr tarixli qətnaməsi ilə təsis olunan bu günün məqsədi, əlilliyi olan şəxslərin hüquqları, sosial müdafiəsi haqqında məlumat diqqətə çatdırılır, bu sahədə qəbul olunmuş rəsmi sənədlər barədə nəşrlər təqdim olunur.
Azərbaycanda fiziki məhdudiyyətli şəxslərə göstərilən dövlət qayğısı və bu istiqamətdə həyata keçirilən islahatlar barədə materiallar, həmçinin Heydər Əliyev Fondunun əlilliyi olan şəxslərin cəmiyyətin müxtəlif sahələrinə inteqrasiyası, onların məşğulluq səviyyəsinin artırılması və rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi layihələr haqqında geniş məlumat verilir. Həmçinin bu kateqoriyadan olan şəxslərin idman və yaradıcılıq sahəsində uğurlarını əks etdirən videogörüntülər nümayiş olunur.
Kitabxananın saytında yerləşdirilən virtual sərgidə “Əlilliyi olan insanların əmək hüquqları”, “Funksionallıq, əlillik və sağlamlığın beynəlxalq təsnifatı”, “Əlillik məsələləri üzrə terminlərin izahlı lüğəti” və digər kitablar da istifadəçilərə təqdim edilir.






















