Qərbi Azərbaycan İcması, Azərbaycan Rəssamlıq Akademiyası və “QGallery”nin birgə təşkilatçılığı ilə “Təsviri incəsənətdə Qərbi Azərbaycan hekayəsi” mövzusunda rəsm müsabiqəsinin yekun sərgisinin açılıb.
Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Xalq rəssamı professor Natiq Əliyev bildirib ki, sərgidə Qərbi Azərbaycanda olan memarlıq abidələrimizin işğalçılar tərəfindən dağıdılmış vəziyyətini əks etdirən, eləcə də Qərbi Azərbaycanda yaşamış mütəfəkkir və şairlərimizdən bəhs edən işlər də nümayiş olunur. Bu il məşhur rəssam Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd olunduğunu diqqətə çatdıran rektor əlavə edib ki, bu yaxınlarda ona aid sərginin açılışı da nəzərdə tutulur.
Layihənin ideya müəllifi və rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov diqqətə çatdırıb ki, layihə çərçivəsində tələbə rəssamlar Qərbi Azərbaycan həqiqətləri, tarixi, coğrafiyası, ədəbiyyatı, ziyaları haqqında məlumatlandırılıb və zaman-zaman öz torpaqlarından deportasiya olunmuş soydaşlarımızın tarixi yurdlarına qayıdış hüquqları mövzusunda əsərlər də sərgidə təqdim edilir.
"Sərginin mahiyyəti Qərbi Azərbaycan məsələsi ilə bağlı görülən işlərə bir daha ictimaiyyətin diqqətini cəlb etmək, rəssamların yaradıcılığında bu mövzuya xüsusi yer ayrılması üçün şərait yaratmaqdır", - deyə Q.Qasımov əlavə edib.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli gənclərimizin mövzuya bu qədər həssaslığının tarixi torpaqlarımıza, qayıdışımıza çox böyük dəstək olduğunu bildirib.
Qərbi Azərbaycan İcması, Azərbaycan Rəssamlıq Akademiyası və “QGallery” bu layihə çərçivəsində Ermənistanda məhv edilmiş Azərbaycan mədəni irsinin bərpası məsələsini yenidən gənc rəssamların və mədəni ictimaiyyətin diqqət mərkəzinə gətirməyi hədəfləyir.
Qeyd edək ki, layihədə 45 tələbə Qərbi Azərbaycan mövzusunda rəsmlər ərsəyə gətirib. Sərgidə 300-dən çox iş arasından seçilən 47 əsər nümayiş olunur.

























