Noyabrın 25-də Azərbaycan Milli Xalça Muzeyində “Kəlağayının yeni tarixi” layihəsinin təqdimatı keçirilib.

Tədbir Azərbaycan kəlağayı sənətinin UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilməsinin (26 noyabr 2014-cü il) 11-ci ildönümünə həsr olunub.

Açılışda çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bildirib ki, kəlağayı sənətinin qorunmasını həmişə özünün mənəvi borcu hesab edib. Kəlağayı tətbiqi sənətimizin ən qədim növlərindən biri olaraq ev sənətkarlığı ənənəsi olmaqla yanaşı, həm də dərin fəlsəfi məna daşıyan bir irsdir. Muzeyin fondlarında bu sənətin nadir nümunələrinin xüsusi qayğı ilə qorunduğunu vurğulayan Əminə Məlikova kəlağayının Azərbaycan mədəniyyətindəki əhəmiyyətindən, onun rəmzi məzmunundan və milli kimliyin formalaşmasında oynadığı roldan bəhs edib.

İncəsənətşünaslıq üzrə doktor, professor Kübra Əliyeva kəlağayının mədəni və estetik dəyərini, onun müxtəlif növlərini, kolorit xüsusiyyətlərini, ornamental sistemini və bədii üslubunu qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, kəlağayı Azərbaycan qadınının xarakterini, onun daxili mahiyyətini, həyatımızdakı rolunu və yerini, eləcə də gələcəyə yönəlmiş baxışını əks etdirir. Onun sözlərinə görə, kəlağayının yaradıcıları adətən kişilər olub və bu fakt Azərbaycan kişisinin Azərbaycan qadınına münasibətinin simvolik ifadəsidir. Sənətkarlar qadını kəlağayının özünə bənzər bir dəyər kimi təsəvvür edirdilər, yəni zərif və incə, təbiətin rəng çalarlarından doğan çoxrəngli görünüşə malik, solmayan gözəlliyə sahib, müxtəlif mərasim və bayramların ruhuna uyğun şəkildə düşünülmüş bədii formaya malik bir varlıq kimi.

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, incəsənətşünaslıq üzrə fəlsəfə doktoru, dizayner, CİZGİ brendinin təsisçisi Gülnarə Xəlilova tədbirin təşkilatçılarına və qonaqlara təşəkkürünü bildirib, təqdim olunan kolleksiya haqqında məlumat verib və onun yaradılma prosesinin hekayəsini bölüşüb.

Qeyd edək ki, layihə çərçivəsində G.Xəlilovanın “İpəyin sehrı” adlı geyim kolleksiyası nümayiş olunub. Dizayner yeni kolleksiyasında kəlağayının dərin məna qatlarını müasir dəb dilinin incə estetikasına zərifliklə birləşdirərək ipəyin ən parlaq və poetik çalarlarını açıb göstərir. Bu libaslarda hər bir ornament, hər bir rəng keçidi kəlağayının qadın taleyi, mədəni yaddaş və milli kimliklə olan bağlılığını vurğulayır.

Təqdimatın sonunda tamaşaçılara Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından tarixi və müasir kəlağayı nümunələri nümayiş etdirilib, muzey əməkdaşları isə kəlağayı hazırlanması üzrə master-klas təqdim ediblər.