Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı repertuarındakı baxımlı tamaşalardan birini – Cüzeppe Verdinin “Trubadur” (“İl trovatore”) operasını Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera studiyasında təqdim edib.
Dahi italyan bəstəkarının “Traviata” və “Riqoletto” operaları kimi məşhur operaları ilə bir sırada dayanan “Trubadur” (1853) 170 ildən çoxdur ki, dünya teatrlarının səhnəsindən düşmür.
Bu italyan ehtirasları sonuncu dəfə bir neçə il əvvəl Bakı səhnəsində coşub və indi tamaşaçılar yenidən barışmaz düşmənçilik, sədaqətli sevgi, güclü toqquşmalar və güclü duyğular hekayəsinin şahidi olublar.
Budəfəki tamaşada aparıcı rolları Azərbaycan vokal sənətinin tanınmış simaları ifa ediblər. Əməkdar artist Afaq Abbasova Leonoranı, Əməkdar artist Fərid Əliyev Manrikonu ustalıqla canlandırıb. Qraf di Luna rolunda istedadlı vokalist Taleh Yəhyayev geniş emosiyaları çatdırmağı bacarıb. Əməkdar artist Anton Ferştandt şəhər qvardiyasının rəisi Ferrando rolunu oynayıb. Əməkdar artist Səbinə Əsədova səhnəyə Azusena rolunda çıxıb və dərin mezzo-soprano ifası ilə tamaşaçıları valeh edib. Tamaşada həmçinin teatrın solistləri Səma Həmzəyeva Leonoranın dostu İnes və İqor Yadrov qoca qaraçı rollarını canlandırıblar.
Akademik Opera və Balet Teatrının simfonik orkestrinə Əməkdar artist Əyyub Quliyev dirijorluq edib.
İtalyan dilində səhnələşdirilən tamaşa dramatik süjeti və virtuoz ifaları ilə paytaxtın mədəni həyatında silinməz iz buraxıb. Tamaşaçıların uzun sürən alqışları da bunu təsdiqləyib.
Tamaşanın rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri Əməkdar artist Sevil Hacıyevadır.

























