20 oktyabr Zəngilan Şəhəri Günüdür. 2020-ci ilin Vətən müharibəsində həmin gün Azərbaycan Silahlı Qüvvələri Zəngilan şəhərini (1993-cü ilin oktyabrında işğal edilmişdi) Ermənistanın işğalından azad edib. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixdə imzaladığı Sərəncamla Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. 20 oktyabr Zəngilan Şəhəri Günü kimi təqvimimizə daxil olub.
20 oktyabr Azərbaycanda “Energetiklər günü” kimi qeyd edilir. 1981-ci ilin həmin günü Mingəçevirdə respublika energetikasının flaqmanı – “Azərbaycan” İES-in birinci bloku istifadəyə verilib. Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı fərmanla bu tarix energetiklərin peşə bayramı elan olunub.
Tarixdəki olaylar
20 oktyabr 1923 – Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi (MİK) “Yeni Azərbaycan əlifbasının dövlət əlifbası kimi tanınması haqqında” dekret qəbul edib. Latın qrafikalı əlifbaya tam keçid 1929-cu ildə reallaşdı. 1939-cu ildə onu kiril əlifbası əvəzlədi.
Tarixdəki adlar (mədəniyyət, ədəbiyyat)
20 oktyabr 1854 – Fransız şairi, poeziyada simvolizmin banilərindən biri Artur Rembo (Jean Nicolas Arthur Rimbaud; 1854 – 10.11.1891) anadan olub.
20 oktyabr 1905 – Yazıçı Leo (Lev) Abramoviç Nusenbaum (Nussimbaum; 1905 – 27.8.1942) Bakıda anadan olub (bəzi mənbələrə görə, Kiyevdə doğulub, körpə ikən ailəsi Bakıya köçüb). 1920-ci ilədək Azərbaycanda yaşayıb, sovetləşmədən sonra Avropaya mühacirət edib. Məhəmməd Əsəd bəy, Qurban Səid təxəllüsləri ilə əsərlər yazıb. “Əli və Nino” romanı ilə şöhrət qazanıb.
20 oktyabr 1906 – Əməkdar artist İbrahim Ağahüseyn oğlu Hüseynov (Şünasi; 1906 – 18.9.1961) Bakıda doğulub. Musiqili Komediya, Akademik Dram teatrlarında çalışıb.
20 oktyabr 1910 – İlk azərbaycanlı qadın teatr rəssamlarından biri, Əməkdar incəsənət xadimi İzzət Əli qızı Seyidova (1910 – 30.11.1973) anadan olub. Leninqrad Boyakarlıq, Heykəltaraşlıq və Memarlıq İnstitutunda oxuyub, 1938-ci ildən Opera və Balet Teatrında fəaliyyət göstərib.
20 oktyabr 1913 – Tanınmış şair, respublika Dövlət mükafatı laureatı Əhməd Cəmil (Əhməd Səttar oğlu Cəmilzadə; 1913 – 27.9.1977) İrəvanda doğulub. Ədəbi nəşrlərə rəhbərlik edib. Sovet şairlərinin şeirlərini rus dilindən Azərbaycan dilinə tərcümə edib.
20 oktyabr 1917 – Xalq artisti, opera müğənnisi İdris Fərhad oğlu Ağalarov (1917 – 4.5.1975) Tiflisdə doğulub. 1937-ci ildən Akademik Opera və Balet Teatrının solisti olub.
20 oktyabr 1919 – Başqırd şairi Mustay (Mustafa) Kərim (1919 – 21.9.2005) anadan olub.
20 oktyabr 1922 – Xalq artisti, müğənni Şövkət Feyzulla qızı Ələkbərova (1922 – 7.2.1993) anadan olub. Məlahətli səsi ilə Azərbaycan musiqisini bir çox ölkələrdə tanıdıb. Bülbül adına Orta ixtisas musiqi məktəbində dərs deyib.
20 oktyabr 1931 – Əməkdar incəsənət xadimi, tanınmış heykəltaraş, Dövlət mükafatı laureatı Telman Heydər oğlu Zeynalov (1931 – 12.1.2024) Bakıda anadan olub.
20 oktyabr 1995 – Əməkdar artist Mustafa Hüseyn oğlu Sərkarov (1905-1995) vəfat edib. Gəncə Dram Teatrında aktyor, truppa müdiri işləyib.
Hazırladı: Vüqar Orxan